yüklənir...
yüklənir...

Mərd oğulların xatirələri qəlblərdə yaşayır.

Cənub bölgəsinin rəşadətli oğlu Etibar Əliyevin bu gün doğum günüdür.
Lənkəran Qarabağ müharibəsində 5 Milli Qəhrəman verib. Onlardan biridə Etibar Əliyevdi.
Əliyev Etibar Böyükağa oğlu 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Buradakı 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. O, 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurub doğma yurda dönür və Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək fəaliyyətinə başlayır. Bir müddət burada çalışdıqdan sonra Lənkəran Konserv Kombinatında , sonra isə “Sevinc” kiçik müəssisəsində işləyir.
O, respublikamızda baş verən ictimai-siyasi hadisələrdə yaxından iştirak edir, Xalq Hərəkatının öncüllərindən biri olur.
Respublikanın müstəqilliyi uğrunda canından belə keçməyə hazır olan Etibarı 1990-cı ildə keçmiş Sovet Ordusunun əsgərləri 30 gün həbsdə saxlayırlar. Lakin bu hədə-qorxu onu yolundan döndərə bilmir.
Ölkənin başını qara buludlar aldığı vaxtlarda Etibar öz doğma el-obasına dayaq olub.
1993-cü il 23 avqust...“Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə dövlətimizi parçalamağa can atan bir qrup azğın separatçı Azərbaycanın cənub bölgəsində qatmaqarışıqlıq saldı. Bu ağır günlərdə neçə-neçə günahsız insan qətlə yetirildi. Azğınlaşmış cinayətkar ünsüllərin həddini aşmasına dözməyən qəhrəman oğullarımız ayağa qalxdılar. Keçirilən əməliyyatlarda Etibar Əlıyev xüsusi fəallıq göstərərək, ön cərgədə gedirdi. Onu “ Əhsən! Əhsən!”-deyə alqışlayırdılar. Nadan gulləsi ondan yan keçmədi. Şəhidlik zirvəsinə ucaldı Etibar. O, Vətənin bütövlüyü, suverenliyi yolunda qəhrəmanlıq göstərərək, əbədiyyətə qovuşdu. Beləliklə Vətən uğrunda daha bir əbədi məşəl yandı.
Ailəlidir. İki qızı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Lənkəran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Adına Lənkəran şəhərində küçə var. Şəhərin “23 Avqust” meydanında büstü qoyulub.
Hər şəhid bir ocağın ümid işığı, bir elin qürur mənbəyi, bir dövlətin təməl sütunudur. Şəhidlər varsa torpaq basılmaz, şəhidlər varsa Vətəndə var. Yeni yaşın mübarək. Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı.

скачать dle 10.6фильмы бесплатно

Tarix:11-07-2018, 22:59
Oxunub:4 894


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti