yüklənir...
yüklənir...

Övladının üzünü görməyən qəhrəman

Vətən bizim məskənimizdir.
Ona sahib çıxmaq, qorumaqsa hər bir Vətən övladının borcudur.
Baş komandir, pilot Zakir Nüsrət oğlu Məcidov 1956-cı il iyunun 26-da Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə 17 nömrəli Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Vətənə dönən gənc Zakir Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmışdır. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Nəhayət, 1985-ci ildən artıq Mİ-2 vertolyotunda heyətin komandiri təyin olundu. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, göstərdiyi uçuş keyfiyyətinə görə Mİ-2 vertolyotuna baş komandir keçdi. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri oldu. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Z.Məcidov, ordakı vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olur.
Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır.
1992-ci il 6 avqust… Yayın qızmar günlərindən biri idi. Həmin gün Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin Kasapet yüksəkliyindəki mövqələrini darmadağın etmişdi. Növbəti
dördüncü dəfə uçmaq əmri verildi ona. Qərargaha yeni qayıdan Məcidov bu əmri də böyük hünər, igidlik göstərərək yerinə yetirdi. Bu onun son uçuşu oldu. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-24, vertolyotunun cəsur heyət üzvləri : 36 yaşlı baş komandir Zakir Məcidov 22 yaşlı təyyarəçi operator Ruslan Polovinko (Ukraynalı-Xarkov xilayətinin Zmaev şəhərində doğulmuş, ailənin yeganə yadigarı ) 22 yaşında və Qax rayonunda dünyaya göz açmış 19 yaşlı sərrast nişançı Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimiz uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalırlar.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layıq görülmüşdür. Onun yanmış cəsədi Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
1991-ci ilin noyabırında yenicə ailə qurmuşdu. Ölümündən üç ay sonra oğlu Fuad dünyaya göz açdı. Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli qəhrəman Zakir Məcidovun adını daşıyır.
Vətən yolunda can verənlərin hər birinin öz döyüş hünəri, rəşadəti, öz tərcümeyi-halı var. Onların hamısını eyni məqsəd, eyni amal birləşdirirdi- Azərbaycanın suverenliyi, dövlətçiliyi və torpaqlarımızın bütövlüyü.
Allah rəhmət eləsin. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-07-2019, 00:33
Oxunub:136


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti