yüklənir...
yüklənir...

Adını Azərbaycan tarixinə qızıl həriflərlə yazdırmış Milli Qəhrəman

Şahlar Şükürov-Polis mayoru, cəsur döyüşcü.
Qəhrəmanlar hər an, hər saat yetişmir. Bunun üçün cəmiyyətdə o qəhrəmana etiyac yaranır. 1988-ci ildə Azərbaycan növbəti erməni separatizmi ilə üzbəüz qaldı. Azərbaycana qarşı elan olunmamış müharibənin ilk girovlarından olan rayonlarımızdan biri də Kəlbəcər oldu. 1988-ci ilin yazından 1993-cü il aprelin 2-sinə erməni silahlılarının işğalına qədər Kəlbəcər rayonu demək olar ki, mühasirə şəraitində düşmənə müqavimət göstərdi, şərəflə vuruşdu. Əsasən yerli sakinlərdən təşkil olunan bu döyüşcülərdən biridə “Azərbaycanın Milli Qəhrəmanı” Şahlar Əvəz oğlu Şükürovdu.
Şahlar Şükürov 1952-ci il may ayının 17-də Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açan. Dünyaya gəlişi bahar fəslinə təsadüf etdiyindən, Şahlar xasiyyətcə də elə bahar tərafətli, həlim xasiyyətli idı. Əvəz Şükürovun ailəsində üç qız, üç də oğul böyümüşdü. Onlar çox mehriban bacı-qardaş idi. Ancaq Şahlar elin sevimlisi olduğu kimi, ailənin də sevimlisiydi. O, hələ uşaqlıqdan orta məktəb illərindən yüksəlişə, qəhrəmanlığa can atırdı. İstedad və bacarığı ilə nəinki müəllimləri, bütün yaşıdlarını da heyran edirdi. Məktəbdə və kəndarası keçirilən voleybol, futbol və digər idman yarışlarında hər kəs Şahların komandasında olmağa can atırdı. Çünki onun komandası, nədənsə, heç vaxt məğlub olmurdu. İdmanın bütün növlərinə təlimsiz yiyələnə bilirdi. Onun fiziki sağlamlığına, qamətinə həmişə qibtə edirdik. Onun əsas xobbisi kəndin ətəyindən axan Tutqu çayından balıq tutmaq idi. O qarmağına düşən balıqları özündən kiçiklərə pay verməklə onları sevindirirdi, çox səliqəli və ünsiyyətcil idi, etibarlı dost idi. O dost yolunda hər cür fədakarlığa hazırıydı. Orta məktəbi əla qiymətlərlə bitirən Şahlar Şükürov Azərbaycan Xalq Təssərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti ) qəbul olundu və 1972-ci ildə oranı əla qiymətlərlə başa vurdu. Ordu sıralarına yollandı. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləyir. Şahlar Rostov Milis Akademiyasında təhsil aldı, 1986-cı ildə akademiyanı yüksək göstəricilərlə başa vurur. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilir. Polis mayoru rütbəsinədək yüksəlir. 38 yaşında mayor rütbəsinə yüksəldi və Zədab rayon milis şöbəsinə rəis müavini təyin edildi. Şöbədə hamının güvənc yerinə çevrilən əməliyyatçıya ən ağır işlər etibar edildi. Məzuniyyət müddətində kəndə gələndə vəzifə və titullarından aslı olmayaraq uşaqlıq dostlarıyla təbiətin qoynunda dincəlməyə üstünlük verər, kənddəki qoca və xəstələrə baş çəkərək, onların qayğılarıyla maraqlanardı. Sanki onun daxili gözəlliyi ilə surətində bir vəhdət vardı. Şahların atası Əvəz Şükürov ötkəm bir təsərrüfat rəhbəri idi. Ona görə də bəzən ondan narazı olanlar da olurdu. Bunlara baxmayaraq, bu narazı olanlar belə Şahları çox sevirdilər. Şahlar gənc bir polis kimi Ucar rayonunda işə başladığı gündən hamının sevimlisinə çevrilməklə Aran Qarabağda Kəlbəcərin adını yüksəltmiş, elinə-obasına şərəf gətirmişdi. Ən çətin işlərin araşdırılmasında, şübhəlilərin axtarışında, tutulmasında Şahların qorxmazlığından, savadından və fiziki sağlamlığından bütövlükdə şöbə bəhrələnirdi. Bu gün də onun cəsurluğundan keçmiş iş yoldaşları ağızdolusu danışır. 1988-ci ilin hadisələri artıq Azərbaycanın rahatlığını pozmuşdu. Hər tərəfdən düşmən əhatəsində qalan Kəlbəcərin Ağdərədən keçən yolu erməni quldurları tərəfindən bağlandığından rayonun təchizatı uzaq Ağcabədi, Beyləqan, Laçın yolu ilə çox ağır başa gəlirdi. Erməni əhatəsində olan Kəlbəcər yollarında hər gün neçə-neçə soydaşımız həlak olur, itkin düşür, şikəst olurdular. Bu mənzərə Şahları da rahat buraxmırdı. O, Zərdab polis şöbəsində işləməyinə baxmayaraq, dəfələrlə raport yazaraq cəbhə bölgəsində olmağı bildirmiş və elə ona görə də rəhbərlik onun bu xahişini nəzərə alaraq döyüş bölgələrinə getməsi arzusunu reallaşdırmışdı. O, tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il 11 iyul... Ağdərə rayonunun ərazisində erməni terrorçuları Tərtərdən Kəlbəcərə gedən 16 avtomaşından ibarət maşın karvanını gülləbaran etmişlər. Həmin gün günorta karvanı ilə döyüş bölgəsinə gələn polis mayoru Şahlar Şükürov ermənilərin Otaq qaya deyilən dar keçiddə qurduqları pusquya düşür. Əli silahsız əhalinin qırılacağını görən qəhrəman tabel silahı ilə təpədən-dırnağa silahlanmış quldurlarla atışmalı olur. Qocaların, uşaqların, qadınların olduğu böyük bir karvanı Şahlar qanı bahasına döyüş zonasından çıxarır, yaralı olsa da karvanın uzaqlaşmasını əmr edir. Təəssüflər olsun ki, elini qurtaran Şahlar özünü qoruya bilmədi. Əslində o, özünü yox, böyük bir avtomobil karvanındakı insanları düşünərək şüurlu surətdə döyüşə girmişdi. Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək, yüzlərlə xəstə, uşaq, qoca-qarı, bir sözlə Kəlbəcərin İstisu sanatoriyasına gedənlərin yüzdən artıq maşından ibarət karvanını erməni terrorundan xilas edərək əbədiyaşar bir zirvəyə ucala bilmişdı, şəhidlik zirvəsinə! Şahların ölüm xəbəri bütün Azərbaycana yayıldı. Şahları tanıyanlar respublikanın hər yerindən onunla vidalaşmağa gəlmişdilər. Canı, qanı ilə Zülfüqarlıya, Kəlbəcərə, ümumiyyətlə, vətənə, torpağa bağlı bu Azərbaycan oğlunun qanı hələ də ermənidə, məzarı isə doğulduğu Zülfüqarlıda düşmən əlindədir... Şahlar bahar fəslini, təbiəti çox sevirdi. O, baharda doğulub, baharda da sevdiyi torpağa döndü. Bu gün həmin karvanın sağ qalanları Şahların igidliyini fəxrlə xatırlayırlar. Elmira xanım Şükürova Şahlara çox bağlıydı. Bacı üçün bundan ağır dərd olarmı? Ancaq təsəlli ondadır ki, Şahlar özünü ölümün pəncəsinə atmaqla bu gün həyatını xilas etdiyi yüzlərlə insan yaşayır və həmişə də onu xatırlayırlar. Şahlar Şükürov göstərdiyi igidliyə görə 8 oktyabr 1992-ci ildə prezident Ə.Elçibəyin 264 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Ailəli idi. 2 övladı yadigar qalıb. Sənan və Fəridə. Qəhrəmanın oğlu, Türkiyə Polis Akademiyasının məzunu, polis kapitanı Sənan Şükürov arzusunda olduğu peşəni seçməklə atasının yarımçıq qalan arzularını davam etdirməkdədir. Heç şübhə yoxdur ki, Sənan Şükürov da atasının adına layiq övlad kimi peşəsinin öhdəsindən layiqincə gələcək. Şahlar Şükürov Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir. Qəhrəmanın məzarı düşmən tapdağı altlndadır. Adına Kəlbəcərdə bulaqda salınmışdır. Zərdab rayonunda adına küçə var. Rayondakı məktəblərin birinə onun adı verilmişdir.
Şahların millətə, elə bağlılığını onun ömrünün 38-ci baharında əbədiyyətə qovuşdu. Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış qəhrəmanların sırasında Milli Qəhrəman Şahlar Şükürov onu sevənlərin qəlbində həmişə yaşayacaq. Yeni yaşın mübarək. Nur içində yat polis mayoru, şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Adını Azərbaycan tarixinə qızıl həriflərlə yazdırmış Milli Qəhrəman
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-05-2019, 01:14
Oxunub:145


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti