yüklənir...
yüklənir...

Arzuları ürəyində qalan qəhrəman

Şəhidlik uca bir zirvədir.
Şəhidlər bir milləti təmsil edən şəxsdir. Cəlilabad rayonunu 5 Milli qəhrəman təmsil edir onlardan biri də, Milli qəhrəmanlıq səlnanəməsinə qəhrəmanlıq yazan Faiq Əliqulu oğlu Cəfərovdur. O, 1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1982-ci ildə Şiləvəngə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Elə həmin ildə də orta təhsil almaq üçün Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci il oktyabrın 18-də Vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdır. Naxçıvan sərhəd dəstəsinin ilk sərhədçilərindən biri də Faiq Cəfərov olmuşdur.
Şərur rayonundakı 3-cü zastavada 3 il Vətənə xidmət etmışdir. Bu illər ərzində erməni qəsbkarlarının Naxçıvan Muxtar Respublikası üzərinə hücumlarının dəf edilməsində Faiq də mərdlik göstərir.
1995-ci il 13-17 mart hadisələri... O günlərin həyəcanı heç vaxt yaddan çıxmaz. Bir qrup silahlı dəstə düşmən dəyirmanına su tökərək qurbanlar bahasına qazanılmış müstəqilliyimizə, suverenliyimizə zərbə vurmaq istəyirdi. Həyəcan siqnalı ilə ayağa qaldırılan bir neçə hərbi hissənin əsgərləri qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün təhlükəli zonaya göndərildi. Həmin gün Naxçıvan sərhəd dəstəsinin könüllülərdən ibarət bölməsi də paytaxta göndərilmişdi. Dövlət çevrilişinə cəhd etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində iştirak edənlər sırasında Faiq də var idi o, xüsusi qəhrəmanlıq göstərir. Faiq həmin hadisələr zamanı böyük şücaət göstərir. Martın 16-dan 17-nə keçən gecə Faiq Cəfərov yaralanaraq Sabunçu rayonundakı 3 saylı xəstəxanaya çatdırılır. O, həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılır. 1995-ci il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata buraxılır.
Azərbaycan Respublikası prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğluna sağlığında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Həyatını xalqının, dövlətinin təhlükəsizliyinə həsr edən gənc qəhrəman bir ildən sonra yenidən sərhəd qoşunlarına qayıdır. O, Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmət edir. 1997-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində təhsil almağa başlayır.
O, böyük arzularla yaşayırdı.
19 avqust 1999-cu il... Avtomobil qəzası nəticəsində onun arzularla dolu ürəyi vaxtsız dayandı. Evli idi. İki övladı yadigar qalıb.
Milli Qəhrəman doğulub böyüdüyü Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn edilib. Vətənə layiq olmaq üçün neçə-neçə nəsillər qanı ilə bu torpağı suvarır. Odur ki, azadlıq cücərir və həmin torpağın üzərində yaşayan xalq Vətən kimi böyük bir məfhumla mükafatlandırılır.
Nur içində yatasan. Məzarın cənnət olsun qəhrəman qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“Vetenperverler.Az”








скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-05-2019, 00:48
Oxunub:114


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti