yüklənir...
yüklənir...

Şəhidlər millətimizin iftixarıdır!

İçindəki vətən sevgisi onu rahat nəfəs almağa qoymurdu.

Yusifov Naiq Nəsir oğlu 5 yanvar 1970-ci ildə Tovuz rayonunda Xədicə ananın və Nəsir kişinin ailəsində dünyaya göz açmışdır. 1987-ci ildə indi onun adını daşıdığı orta məktəbi bitirib. O, çox maraqlı, gülərüz, zəkalı şagird idi. 1988-ci ildə hərbi xidmətə çağrılır. 1990-cı ilin yayında xidməti başa vuraraq Vətənə dönür. Naiq ordudan gəldiyi zaman artıq elan olunmamış Qarabağ müharibəsi başlamışdı. Evə dönər-dönməz, valideynləri, etirazına baxmayaraq, onu qonşuluqdakı qızla nişanlayır. Müharibənin bu cür qızğın çağında nişandan-toydan danışmağı özünə ar bilən Naiqin ürəyində bu toyun, bu vüsalın baş tutmayacağıyla bağlı hiss varıydı. Buna görə də anasını qınayan Naiq onun nahaq bu cür iş tutduğunu deyirdi. O, döyüşlərdən salamat qayıtmayacağından, qızın onu gözləyib bədbəxt olacağından qorxurdu.
Naiq evdən gizlin qaçaraq könüllülər sırasına qoşulur. Hərbi qeydiyyatdan keçmədən belə döyüşlərə atılır. Ən ağır əməliyyatlarda qəhrəmanlıqlar göstərirdi. Onun ilk döyüşü “Çənlibel” deyilən yerdə olur. Erməni yaraqlıları Ağdam istiqamətində irəliləyirdilər. Naiq və onun döyüşçü dostları döyüşə atılır. Ermənilər pərə-pərən düşdülər və geri çəkildilər. O zamanlarda hələ ordu tam formalaşmadığından, əsgərlər silahla təchiz olunmadığından hərbçilər hətta ov silahlarıyla vuruşur, geri çəkilmək bilmirdilər. Çənlibel əməliyyatı Naiqin iştirakı ilə aparılan ən uğurlu döyüşlərdən olub.
1992- ci il 24 mart… Səhər tezdən döyüş əmri verilir. Tovuzun Koxa Nəbi kəndində gedən hücum əməliyyatında Naiqin də olduğu dəstə erməni mühasirəsinə düşür. Onları qorumaq, xilas etmək üçün qumbaraatanı düşmənin PDM-nə tuşlayaraq işə salır. Qəlpədən yara alan Naiq ona yaxınlaşan ermənilərə avtomatla atəş açır, əlindəki qumbaranı köksünə sıxır, özünü ölümə atmaqla dostlarını mühasirədən çıxarır. Son nəfəsində belə on nəfərə yaxın düşməni məhv edərək 22 yaşında ali, zirvələrin ən ucası olan şəhidlik zirvəsinə qalxır. Yusifovların məhləsində bugünlərdə qurulacaq al qırmızı lentli, bər-bəzəkli toy mağarı yasa dönür, Naiqin xoş günü üçün edilən ərzaq tədarükü, nə qədər ağır da olsa, yasına sərf olunur. Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Tovuz rayonunun Ağdam kəndində dəfn edilib. Vaxtilə qəhrəmanımız Yusifov Naiq Nəsir oğlunun təhsil aldığı orta məktəb indi onun adını daşıyır.
Naiq qısa həyat yolu keçib, buna baxmayaraq, ən yüksək zirvədə durur. Bu gün biz bütün şagirdlərə böyüməkdə olan nəslə Naiqi və Naiq kimi qəhrəmanları nümunə gətirərək milli vətənpərvərlik ruhunu onlara təbliğ etməliyik. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az






скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-01-2019, 18:48
Oxunub:212


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti