yüklənir...
yüklənir...

Qəhrəmanlıq abidəsi - Şirin Mirzəyev

Qarabağ savaşı tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunmuş bir ad var – Şirin Mirzəyev!
Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb. Burada Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmətini başa vurduqdan sonra, 1967-ci ildə Sankt-Peterburq şəhərində Ali Siyasi-Hərbi Məktəbə daxil olmuşdur. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmış, təyinatla İrəvana göndərilmişdir. Beş il burada xidmət etdikdən sonra işini Bakıya dəyişmişdir. Ş.Mirzəyev Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. O, Moskva Ali Siyasi Akademiyasına qəbul olmuş, 1988-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, bütün varlığı ilə yurduna bağlı bir insan idi. Gündən-günə bərkiyən, püxtələşən və kamil bir zabitə çevrilən qeyrətli Vətən oğlu, içdiyi hərbi anda ömrü boyu sadiq qaldı, ən çətin anda ruhdan düşmədi, əqidəsinə arxa çevirmədi. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, xalqına hədsiz sevgisi, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirib. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu yaradıb. Ş.Mirzəyev əla xidmətlərinə görə dəfələrlə medallar və döş nişanları ilə təltif edilmişdir. Rota komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir.
O, Qarabağ hadisələri başlayanda raport yazaraq döyüş bölgəsinə göndərilməsini xahiş etdi. O, ayrı-ayrılıqda fəaliyyət göstərən silahlı dəstələrin vahid komandanlıq altında birləşməsini istəyirdi. 9 oktyabr 1991-ci il tarixdə o, Ağdam rayon ərazi özünümüdafiə taboruna komandir təyin edildi. Cəsur komandir qısa müddət ərzində ətrafına güclü döyüşçü kontingenti topladı. Polkovnik-leytenant rütbəsinəcən yüksələn igid komandir torpaqlarımızın hər bir qarışının müdafiəsi üçün əsl qəhrəmanlıq nümunəsi göstərir, şərəfli hərbçi adını ləyaqətlə qoruyurdu. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi.
Əzabkeş sərkərdə Ş.Mirzəyev həmişə ön xəttə olurdu. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirirdi. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edirdilər. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldı. 1992-ci il iyun ayının əvvəllərində komandanlıq tərəfindən böyük bir hərbi əməliyyat planı hazırlandı. Qoşun hissələri eyni vaxtda 3 istiqamətdən hücuma keçib, düşməni geri oturtmalı idilər. Hücum əməliyyatını uğurla həyata keçirmək üçün güclü hərbi texnika, silah-sursat lazım idi. Taborun ixtiyarında olan döyüş vasitələri tələbatı ödəmirdi. Cəsur komandir bütün çətinliklərə baxmayaraq öz dəstəsilə Xaçınçay boyunca irəliləyib, ilk həmləylə Qazançı kəndini düşməndən azad etdi. İgid komandir əlavə plan hazırlayaraq, iyunun 12-də Sırxavənd kəndini nəzarət altına alır. Ş.Mirzəyevin yolu örnək göstərilə biləcək bir döyüş yoludur. Belə ki, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilib. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi. Artıq Polkovnik-leytenant Şirin Mirzəyev orduda baş verən haqsızlıqlara dözə bilmirdi. 1992-ci il 18 iyun... Bakıya gəlib rəhbərliklə danışıq aparır və yenidən öz mövqeylərinə - Qaralar kəndinə yollanır. Lakin geri qayıdarkən mindiyi “UAZ” markalı maşın minaya düşür. O, iki yaxın qohumu ilə birlikdə həlak olur və şəhidlik zirvəsinə ucalır.
Ailəli idi. İki övladı - qızı, oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakının Nizami rayonunda adına küçə var. Xidmət etdiyi hərbi hissənin həyətində abidəsi qoyulmuşdur. Şirin Mirzəyev! Qeyrət təcəssümü olan bu qəhrəman tək Xankəndi şəhərinin, Qarabağın deyil, o taylı-bu taylı Azərbaycanın, dünya azərbaycanlılarının qürur mənbəyidir. O, öz həyat və döyüş yolları, vətən qarşısındakı xidmətləri ilə özündən sonra bir abidə qoyub getdi – Qəhrəmanlıq abidəsi...
Yeni yaşın mübarək. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı.
Qəhrəmanlıq abidəsi - Şirin Mirzəyev
Qəhrəmanlıq abidəsi - Şirin Mirzəyev





скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-01-2019, 23:59
Oxunub:41


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti