yüklənir...
yüklənir...

İlk sabirabadlı Milli Qəhrəman.

Onun anadan olduğu və şəhid olduğu məkanları ifadə edən sözlərin hər ikisi iki sözdən ibarətdir. Qaratəpə və Qarabağ.

Qarabağın müdafiəsi üçün vuruşmağa gedən ilk sabirabadlı da Mübariz Əhmədov Sabirabad rayonunun keçmiş Pokrovka, indiki Qaratəpə kəndində 1963-cü ildə müəllim ailəsində anadan olmuşdur. O, 1977-ci ildə Qaratəpə kənd beynəlmiləl orta məktəbinin rus bölməsinin 8-ci sinfini fərqlənmə ilə bitirərək Leninqrad, indiki Sankt-Peterburq şəhərində “Kino” texnikumuna daxil olub, 4 aydan sonra hava şəraitinə dözmədiyinə görə qayıdaraq doğma məktəbində təhsilini davam etdirmişdir.
1980-ci ildə M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 3-cü kursun axırlarında könüllü ərizə verərək orduya getmişdir. 6 ay xitmət etdikdən sonra radiorabitəçi ixtisasına yiyələnərək serjant rütbəsi almışdır. 1985-ci ildə hərbi xidməti başa vuraraq instituta bərpa olub təhsilini davam etdirir.
SSRİ dağılandan sonra Azərbaycanda baş verən hadisələr onu çox narahat edirdi. O, Vətəninin taleyinə biganə qalmayaraq AXC sıralarına daxil olur və xalqın etiraz aksiyalarına qoşulub meydan hərəkatında iştirak edir.
1989-cu ildə Qarabağın müdafiəsi üçün vuruşmağa gedən ilk sabirabadlı da Mübariz olur və Qarabağı azad edincəyə qədər evlənməyəcəyinə and içir.
Mübariz Əhmədov Ağdamda “N” saylı hərbi hissənin yaradıcılarından biri olub 2-ci bölükdə komandirlik edir. Dovşanlı, Xramurt, Qazançı, Əsgəran, Pircamal, Aranzəminli, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal Gülablı, Kətik, Dəhraz, Martuni, Xanabad və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur.
1991-ci ildə onu Prezident Aparatına çağıraraq Müdafiə Nazirliyinin xətti ilə Türkiyədə hərbi məktəbdə təhsil almağı təklif edirlər. Lakin Mübariz Qarabağda vuruşmağı üstün tutaraq təklifə razılıq vermir.
Bir dəfə ermənilər Ağdamdan Laçına gedən üç nəfəri əsir götürürlər. Mübariz dostları Nadiri, Qaramalını və Füzulini götürüb kəşfiyyata gedir. İki gündən sonra onlar Qarakənd ətrafında erməni hərbçiləri ilə qarşılaşırlar və mühasirəyə alınırlar. Lakin onlar mərdlik göstərərək mühasirədən çıxmaqla yanaşı bir ermənini də əsir götürüb geri qayıdırlar. Sonra bu erməni əsirini Şuşada tutulub Xanabadda saxlanılan üç azərbaycanlı əsirlə dəyişirlər.
Xramurt kəndinin azad edilməsi Mübarizin bölüyünə tapşırılır. Gecə saat 2-də Xramurta hücum başlanır. Döyüş nəticəsində ölən olmasa da bir neçə nəfər yaralanır və üç nəfər də ermənilərə əsir düşür. Mübariz dostlarından üç nəfər götürərək deyir: “O üç nəfərin əvəzinə ya erməni gətirməliyik, ya da kəndi yandırmalıyıq.”
Mübariz Xocalı hadisəsinin səhərisi saat 4-5 radələrində Qaraçayıya gedib erməniləri geri oturdaraq 60 nəfərə yaxın xocalını və 5 şəhidi Ağdama gətirmişdi.
1992-ci ilin 24 sentyabrında Mübarizin son döyüşü Ağdamın Abdal Gülablı kəndində olmuşdur. Bu döyüşdə Kamil Ağayev, Bəkir Əliyev, Faiq Əhmədov da iştirak etmişlər. Onların dediklərindən:
– Ağdamın Muğanlı kəndində idik. Gecə saat 1-2 radələrində həyəcan siqnalı verildi. Abdal Gülablı kəndini ermənilərdən azad etməli idik. Gecə qaranlıq və güclü yağış yağdığından yer palçıq idi. Saat 4 radələrində kəndə yaxınlaşdıq. Düşmən xəbər tutaraq ağır silahlardan güclü atəş açmağa başladı. Yaralananlar oldu. Mərmi qəlpəsi onun çiynini parçalamışdı. Özünün köməkliyi ilə onu 500 m-ə qədər apardıq. Bizə dedi: “ Məni salamat çıxara bilməyəcəksiniz. Avtomata işarə edərək: “Məni vurun, özünüz isə gedin. Bu kafərlərin əlinə diri düşməyim. Onlar məni çox axtarıblar”, – dedi.
Biz onu döyüş meydanından çıxarsaq da artıq gec idi.
Mübariz Qaratəpə kəndinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
1994-cü ilin 16 sentyabrında Mübariz Əlizadə oğlu Əhmədov “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Subay idi. Sabirabad rayonunun Qaratəpə kəndində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.
Mübariz cəmi 29 il öz adına layiq həyat sürüb Azərbaycanın bütövlüyü uğrunda Qarabağda şəhid olmaqla Qara sözü ilə Qaratəpəni Qarabağla birləşdirdi.
Allah rəhmət eləsin. Ruhun şad olsun şəhid qardaşım.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:4-01-2019, 11:10
Oxunub:23


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti