yüklənir...
yüklənir...

Sənin yoxluğun dərin bir boşluq yaradib – Etibar Toğrul yazır

Üç il bundan əvvəl vaxtsiz dünyasın dəyişmiş qardaşım Ceyhunun əziz xatirəsinə ithaf edirəm.



İnsan iktisi labuddür. Çünki Ulu Yaradan yaratdiqlarını bir gün bu dünyadan aparmağa qadirdi. Hər birimiz Cənabi Haqqın bu hökmünü gözləyirik. Bu cür hökm hər birimiz üçün veriləcək, ya tez, ya da gec... Dünyadan köçən bəzi insanların iktisi onu tanıyanların qəlbini incitsə də, lakin çox keçmir ki, hər kəs bu itki ilə barışır və həyat öz axarı ilə davam edir. Bəzənsə dünyadan köçən insan əzizi üçün tez bir zamanda unudulur. Heç elə bil belə bir insan yaşamayıb. Çünki o insanın yoxluğu əzizlərınin həyatında heç bir boşluq yaratmir. Belə olanda həyat rəvan şəkildə davam edir...
Əziz qardaşım, sənin vaxtsiz itkin isə şəxsən mənim üçün dərin bir boşluq yaradib. Sən düz 3 ildir, mənim üçün isə 14 aydır əbədi həyatına qovuşmusan. Sən gözlərıni əbədi yumanda mən dəmir barmaqlıqlar arasında idim... Sənin ölümünü məndən giclı saxlayırdılar. Ancaq içimə dolan şübhə məni rahat burağmırdı. Içimdəki, şübhəni yox etmək üçün, sənin nömrənə dəfələrlə zəng etsəm də telefona sən yox, başqası cavab verirdi. Hər dəfə isə sənin evdə olmadığını bildirirdilər. Səni kimdən soruşurdumsa eyni cavabı alırdım. “Salamatçılıqdır, sadəcə ölkədə yoxdur!” – deyirdilər. Əksinə bu cavablara tam inanmasam da, bu cavablar məni sevindirirdi. Düşünürdüm ki, əgər sənə nəsə olubsa bunu nə qədər mümkündü gec bilim. Aylar keçdikcə, sənin yoxluğuna olan şübhəm daha da artirdı. Səninlə sonuncu dəfə cəza evinin görüş otağında görüşmüşdük. “Arada bir gələcəm” – deyib məndən ayrıldın. Sonra arada telefon əlaqəmiz oldu. Sonuncü dəfə isə sənə zəng edəndə, çörək yediyini hiss edərək soruşdum:
- Deyən, yemək yeyirsən?
Sən isə: - Səninlə tez-tez oturduğumuz yerdəyəm – dedin. Bu sözləri dedikdə səsinin titrədiyini hiss etdim. Ona görə də danışığı tez bitirdim. Bu sonuncü danışığımız oldu və ondan düz 10 gün sonra sən bu etibarsiz dünya ilə vidalaşmısan.
Bundan 1 il 10 sonra mən azadlığa çıxdım. Sənin yoxluğundan bixəbər olaraq... Ancaq, sənin bu həyatda olmadığına 90 faiz əmin idim. 10 faiz isə içimdə bir ümüd var idi. Azadlığa çıxdiğım axşam ilk getdiyim ev sənin evin oldu. Səni görmək ümüdü ilə o pilləkənləri qalxdım. Ancaq səni görmədim evdə. Səninlə bağlı isə evdəkilərdən heç nə soruşmadım. Bilirsən niyə? Sənin həyatda olmağınla bağla içimdə olan 10 faizli ümudün ölməməsi üçün. Düşündüm ki, bu ümüd bir gecə də yaşasın. Sabahı səhər erkən qəbirstanlığa atamızın və Toğrulun qəbrini ziyarət etməyə getdim. Təsəvvür edirdim orada sənin baş daşın ilə qarşılaşacağımı. Ancaq, yenə də içimdə o ümüd var idi ki, sən yaşayirsan. Ona görə də, qəbirstanlıqda çox asta addımlarla irəliləyirdim. Bir neçə dəqiqə vaxt qazanmaq üçün... İçimdə son ümüdün bir neçə dəqiqə artıq yaşaması üçün... Nahəyət, sənin baş daşın ilə üz-üzə gəldim. Bunu heç istəmirdim... Ancaq, bəzən reallıqlar istəklərimizlə tən olmur.
Sənin ölümünü heç zaman təsəvvür edə bilmirdim. Çünki, bizlərin içində ən sağlamı sən idin. Ancaq nə bilərdim ki, sən bu dünyanı elə sağlam şəkildə tərk etmisən. Sənin ölüm səbəbin tək sənin yox, bizim hər birimizin ciyərparamız olan Toğrulun dənizdə boğularaq 15 yaşında bu dünyanı tərk etdiyi son 11 ildə göz yaşlarını içinə axıtmağın olub. O ağırlıqda dərdlə 11 il baş-başa qaldın, ancaq səni heç kim ağlayan görmədi. Əslində sən hər gün, hər saat, ağlayırdın... Hər səhər yuxudan oyananda Toğrulu yerində görməyəndə ağlayırdın... Axşam həyətə gələndə futbol oynayan uşaqların içində Toğrulu görməyəndə ağlayırdın... Hər gün evə daxil olanda səni Toğrulun gülərüzlü foto şəkli qarşılayanda ağlayırdın... Hər dəfə Toğruldan söhbət etdikdə, onun əməllərıni qürurla xatirlayanda ağlayırdın... Sən güləndə də, kiminləsə zarafatlaşanda da ağlayırdin... Ancaq göz yaşların içinə axtığı üçün onu heç kim görə bilmirdi. O qədər ağladın ki, o qədər içinə göz yaşı axıtdın ki, 11 ildə o göz yaşların içində bir dənizə çevrildi. Sən isə həmin dənizdə boğuldun. Oğlun Toğrul kimi sənin də ömrünə dəniz son qoydu. Toğrul Xəzər dənizində boğuldu, sən isə, Xəzər dənizinin gətirdiyi fəlakətdən ağlayıb içinə axıtdığın göz yaşlarının yaratdığı dənizdə boğuldun...
Toğrulsüz həyatdan tez getməni arzulayırdin. Toğruluna quvuşduğun üçün ruhun xöşbəxt idi. Ancaq, son aylar baş verən olarlardan dolayı bilirəm ki, ruhun narahatdır. Elə ruhun narahat olduğu üçün sənin bu həyatdakı yerinin boşluğunu hiss edirəm. Çox çalışıram bu boşluğu dolduram, ancaq bacarmıram. Bu boşluğu doldurmaq üçün yalnız sən lazımsan. Mən isə sən ola bilmirəm.
Sənin yerin demək olar ki, mənim üçün hər gün görünür. Tez-tez zəng edərdin... Etiraf edirəm ki, sən məni daha çox arayıb, axtarardın, nəinki mən səni. Çox zaman zəng edəndə ilk sözün: - Hardayıq? – olurdu. Onda bilirdim ki, mənimlə görüşmək istəyirsən. Görüşürdük və bir yerdə əyləşib ikilikdə çörək yeyirdik. Əslində çörək yemək bir bəhanə idi sənin üçün. Sən içindəkiləri mənimlə bölüşürdün. Hər sözünün əvvəli də sonu da Toğrul idi. Son illər nəvən Toğrulun körpə boyunu sevərdin, onunla təsəlli tapmağa çalışardın. Bundan başqa yaxınlarımızın həyatında baş verənlərlə bağlı səndən məlumat alırdım. Etiraf edim ki, bacılarımızla və digər qohumlarla sən məndən daha çox maraqlanırdın, gedib-gəlirdin.
İndinin özündə səninlə olduğum məkanların qarşısından ötəndə qeyri-ixtiyarı əlimi telefona atıb, sənə zəng etmək istəyirəm. Ancaq, hər dəfə bunun mumkünsüz olduğunu dərk etdikdə, sən mənim üçün yenidən ölürsən.
Bir etraf edim sənə... Mənim 11-12 yaşım olanda sən keçmiş Sovetlər ölkəsinin paytaxtdı Moskvaya hərbi xitmətə yollandın. Sən getdiyin gündən bəri anamız hər gün sənin üçün göz yaşı axıtdı. Səndən gələn məktubları o qədər öpüb, gözünə sürtürdüki, göz yaşları həmin məktubları oxunmaz hala salırdı. Atamız sənin üçün hərbi hissənin yaxınlığında hər cür şərait yaratsa da, tez-tez sovqat, pul göndərsə də, atamız özü bir neçə dəfə gedib sən baş çəksə də, lakin bunlar anımızı ovundurmurdu. O vaxtı, anamız səni məndən çox istəyir deyə qəlbimdə səni qısqanirdim. Sənin baş daşınla ilk dəfə rastaşanda da yenə səni qisqandim. Anamızın yanına məndən tez getdiyin üçün...
Sənə deyəcəklərim çoxdur. Onların hamısını yazıya köçürə bilmədim. Qəhər məni elə boğur ki, bu an kompüterin ekranını tor görürəm. Ona görə də bu yazımı burda bitirmək məcburiyyətindəyəm.
Hələlik, Ceyhun hələlik. Görüşərik, inşallah...
19may 2018.
скачать dle 10.6фильмы бесплатно

Tarix:19-05-2018, 18:55
Oxunub:16 339


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti