yüklənir...
yüklənir...

Diplomu tanınmamış rəis müavini

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyevə ali təhsil haqda diplom Fetoçular tərəfindən maliyyələşdirilən Kıprıs Universiteti tərəfindən təqdim olunmuşdur

Son vaxtlar ölkə mətbuatının səhifələrində adı tez-tez hallandırılan vəzifəli məmurlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyevdir. Qeyd edək ki, daha çox rayon və bölgələrimizdən müxtəlif instansiyalara ünvanlanan şikayət məktublarında bu məmura qarşı irəli sürülən ittihamlardan biri də onun Tibbi Sosial Ekspertiza Komissiyalarına rəhbərlik edən şəxslərə himayə göstərməsilə bağlı olur. Əlbəttə, əslində bu kimi ittihamlar dolayısı ilə Xidmətin rəisi Fuad Əlizadəyə qarşı yönəlmiş olsa da, bir çox məlumatlı mənbələr iddia edirlər ki, məhz TSEK sədrləri ilə bağlı bütün hallarda son qərar bilavasitə Anar Quliyevin rəyi əsasında verilir. Məsələn, hələ ötən il redaksiyamıza təqdim olunmuş məlumatlardan birində 28 saylı TSEK sədrinin yarıtmaz fəaliyyəti, öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə açıqlamalar təqdim olunmuşdu. Eyni zamanda da mənbə vurğulamışdı ki, həmin sədri himayə edən şəxs dəAnar Quliyevdir və bu himayənin də əsas səbəbi isə, onların arasında olan yaxın qohumluq əlaqələridir. Həm də bu bu əlaqələr Anar Quliyevin həmin şəxslə şərikli sahib olduqları biznes fəaliyyətləri ilə möhkəmləndirilib. Bir müddət bundan əvvəl aldığımız başqa bir məlumatda isə, bəzi vətəndaşların "SETA” MTK tikinti şirkəti ilə bağlı yaşadıqları problemin müzakirəsində Anar Quliyevin adı yenidən diqqət mərkəzinə çəkilmişdi. Məsələ bundadır ki, həmin vaxt redaksiyamıza müraciət etmiş Elçin Məmmədov və Mehdi Hüseynov qarşılaşdıqları problemin həllini tapmaq üçün bir neçə dəfə DƏMX-in Xətai rayonunda yerləşən 23 saylı Əmək Müfəttişliyinə müraciət etdiklərini, lakin orada məsələyə baxılmadığını bildiriblər. Bu səbəbdən şikayətçilər sonradan Dövlət Əmək Müfəttişliyi Xidmətinə yollanmışdılar. Lakin burada da onları dinləyən olmayıb. Məlum olub ki, Xidmətin rəis müavini Anar Quliyev, sən demə "SETA” MTK-nın rəhbəri olan Sudaxan müəllimlə həmyerlidir. Yəni bu şəxslərin hər ikisi əslən Şəmkir rayonundandır. Məhz elə bu səbəbdən də, "SETA” MTK-nın rəhbərliyi bir neçə fəhlənin pulunun kəsilməsi kimi "xırda” bir işin həlli üçün özünə əziyyət verməmək qərarına belə rahatlıqla gəlib.

Ümumiyyətlə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətindən danışarkən, demək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, cənab Səlim Müslümov da öz çıxışlarında dəfələrlə bu orqanın fəaliyyətinin bu gün heç də qənaətbəxş səviyyədə olmadığını konkret faktlar əsasında diqqətə çatdırıb. Nazir bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və müfəttişliklərin öz vəzifə funksiyalarına yanaşmalarında icra məsuliyyətinin artırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib. Lakin bu gün də davam edən müəyyən prosesləri müşahidə etməklə belə qənaətə gəlmək olur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəni və xüsusilə də Xidmətin rəis müavini Anar Quliyevi mövcud durum tamamilə qane edir. Belə ki, aldığımız məlumatlarda Xidmətin struktur bölmələrinin işində müşahidə olunan bütün qanun pozuntularının başında məhz Anar Quliyevin durduğu iddia olunur. Artıq qeyd olunduğu kimi, Xidmətin regionlarda fəaliyyət göstərən müfəttişlikləri yerli müəssisələrdə əmək məcəlləsinin maddələrinə riayət olunmasına, eləcə də həmin müəssisələrdə çalışan insanların hüquqlarının təmin olunmasına nəzarəti həyata keçirməlidirlər. Lakin müxtəlif mənbələrin iddiasına görə bu qurumlardan əksəriyyətinin rəhbərləri daha çox nəzarət etdikləri müəssisələrin rəhbərləri ilə yolverilməz sövdələşmələrə girərək, işçi və fəhlələrin qanuni hüquqlarının pozulması hesabına şəxsi mənfəət əldə etmək taktikasına üstünlük verirlər. Bəzi hallarda isə, ayrı-ayrı müəssisələr fəaliyyət göstərdiyi halda onlarda yoxlamaların guya ki, "müəssisənin fəaliyyətinin dayanması” səbəbindən təxirə salındığı barədə yuxarı instansiyaya məruzə edilir. Eyni zamanda da bəzi müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu da diqqəti cəlb edir. Məlumatlarda bildirilir ki, Anar Quliyev sürəkli olaraq müfəttişlikləri müəssisələrdən rüşvət toplamağa təhrik edir. Bu yolla yığılan məbləğlər isə təbii ki, sonda Xidmət rəisinə təqdim olunur.

Nəhayət Anar Quliyevin özbaşınalıqlarından bəhs edən son aldığımız məlumatlar da yenidən TSEK-lərin fəaliyyətilə bağlı oldu. Məlum olduğu kimi, bu yaxınlarda Gədəbəy-Şəmkir zonasına Tibbi Sosial Ekspertiza komissiyasının sədri vəzifəsinə Fəridə Abdullayeva təyinat alımışdır. Mənbə bildirir ki, bu təyinat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyevin birbaşa səyləri nəticəsində baş tutub. Bu barədə aldığımız açıqlamada deyilir: "Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyevin bu vəzifədə göstərdiyi əsas fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinə müxtəlif vəzifələrə kadrların yerləşdirilməsindən ibarətdir. Xidmətin rəisi Fuad Əlizadənin xeyir-duası ilə, bu gün Anar Quliyev bu sahəni demək olar ki, tamamilə öz monopoliyasına almışdır. Məsələn, rayonlarda Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin (ƏSMM) yerli DSMF şöbələri ilə birləşməsində yaradılmış yeni qurumlara rəhbər vəzifələrə əksər təyinatlar da məhz Anar Quliyevin təqdimatı ilə həyata keçib. Nümunə kimi, Şəmkir DSMF şöbəsinin müdiri Azad Şərifovu göstərmək olar. Təbii ki, bu təqdimatları Anar Quliyev müəyyən məbləğlərdə aldığı pul müqabilində edir. Götürək elə Gədəbəy-Şəmkir zonasına Tibbi Sosial Ekspertiza komissiyasının sədri vəzifəsinə Fəridə Abdullayevanın təyinatını. Bu təyinat Fəridə xanıma 300 min manat başa gəlmişdir. Əlbəttə, bu məbləğ ilk baxışda bir qədər yüksək görünə bilər. Lakin Anar Quliyevin son bir neçə il ərzində nail olduğu maddi zənginliyə nəzər salsaq, bu dövlət məmurunun gəlir qaynaqlarının həqiqətən də böyük məbləğlərdə gəlir gətirməli olduğunu anlamaq çətin olmaz. Belə ki, cəmi bir neçə il bundan əvvəl, Anar

Quliyevin və ailəsinin sahib olduğu yeganə mülkiyyətləri onların birgə yaşadıqları, Bakının 6-cı mikrorayon ərazisində yerləşən mənzil idi. Amma bu gün vəziyyət tam başqadır. Anar Quliyev bu gün paytaxtın ən bahalı ərazilərindən olan, "köhnə dəyirman” deyilən ərazidə on otaqlı şəxsi mənzilində yaşayır. Yeni tikili binanın eyni bir mərtəbəsində iki 5 otaqlı mənzil alıb, onları birləşdirib özünə 10 otaqlı apartamentlər yaratmış məmur, həmçinin bu mənzili məxsusi olaraq Rumıniyadan gətirdiyi və qiyməti 300-400 min manat civarında olan mebellə də təchiz edib. Elə həmin binanın birinci mərtəbəsində isə, Anar Quliyev öz həyat yoldaşı Fərəh xanımın adı ilə adlandırdığı möhtəşəm, dəbdəbəli bir estetik mərkəz açıb. Bu mərkəzdə isə, gözəllik salonu, hovuz, fitnes zalı və daha nələr-nələr fəaliyyət göstərir. Tək bu mərkəzin qiyməti milyonlarla dəyərləndirilir. Bundan başqa isə, Anar Quliyevə Bakıda çox sayda xüsusi mülklərin məxsus olduğu da heç kim üçün yenilik deyil. Maraqlıdır ki, bu məmurun ali təhsil alması barədə verilmiş diplom da Kıprıs Universiteti tərəfindən təqdim olunmuşdur. Məlumdur ki, həmin universitet də Fetoçular tərəfindən maliyyələşdirilirdi və bu təhsil müəssisəsinin diplomları bizim ölkədə tanınmır. Bununla belə, Anar Quliyev tutduğu vəzifəyə məhz həmin diplomla təyinat alıb...”

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
 

 
 
 
bizimdovr.az

скачать dle 10.6фильмы бесплатно

Tarix:5-11-2016, 00:26
Oxunub:572


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti