yüklənir...
yüklənir...

Şəhriyar Məmmədyarov bu gün Avropa Kubokunun qalibi ola bilər

Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda VI turun oyunları keçirilib.

VETENPERVERLER.AZ xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov” klubu Çexiyanın “Novı Bor” komandasına 2:4 hesabı ilə uduzaraq ardıcıl ikinci məğlubiyyətini alıb.

Komandamızda ikinci lövhədə Vüqar Əsədli Santoş Quyrati Viditə, üçüncü lövhədə Ülvi Sadıqovun məşhur şahmatçı David Navaraya uduzması həlledici olub.

Şəhriyar Məmmədyarovun çıxış etdiyi Şimali Makedoniya “Alkaloid”i bu dəfə Çexiyanın “Yoli Liza” komandasını darmadağın edib – 5:1. Şəhriyar Ruslan Ponomaryova qalib gəlib.

Nicat Abbasovun çıxış etdiyi “Rayka Rapid”i Niderlandın “Sas van Qent” komandasını 5,5:0,5 hesabı ilə məğlub edib. Nicat qara fiqurlarla Kun Leenhoutsdan üstün olub.

Nərgiz Umudovanın şərəfini qoruduğu Belçika “Eşikye Mözan”ı İsveçrənin “Sürix Şaxqezelşaft” komandası ilə heç-heçə edib – 3:3. Nərgiz Lotar Foqtla sülhə razılaşıb.

Səkkiz xala malik olan “Vüqar Həşimov” klubu bu məğlubiyyətdən sonra 11-ci sıraya düşüb. “Alkaloid” xalını 10-a yüksəldərək ikinci sıraya qalxıb. Səkkiz xalı olan “Rayka Rapid” 15-ci, yeddi xalı olan “Eşikye Mözan” 23-cüdür.

Qadınların yarışında isə “Odlar Yurdu” turnir cədvəlində üçüncü sırada olan Monakonun “Şahmat Dairəsi” komandası ilə heç-heçə edib – 2:2. Şahmatçılarımızdan yalnız Ülviyyə Fətəliyeva qara fiqurlarla Pia Kramlinqə uduzub. Xalını yeddiyə yüksəltsə də, komandamız turnir cədvəlində bir pillə aşağı düşüb və hazırda beşincidir.

Qeyd edək ki, bu gün Avropa Kubokunda son gündür. “Vüqar Həşimov” bu gün Nicat Abbasovlu “Rayka Rapid”lə görüşəcək. Komandamızın çətin də olsa, gümüş və bürünc medal qazanmaq şansı nəzəri də olsa qalır. Şəhriyar Məmmədyarovlu “Alkaloid” isə bu gün lider olan İtaliyanın “Obiettivo Rizarçimento” komandasını böyük hesabla məğlub edə bilsə, xalları bərabərləşdirib əlavə göstəricilərlə çempion ola bilər.

“Odlar Yurdu” isə Serbiyanın “Yelitsa” komandası ilə qarşılaşacaq. Komandamızın gümüş medal qazanmaq şansları nəzəri də olsa var. Amma zəriflərdən ibarət komandamız qalib gəlsə, bürünc medal qazana bilər. Təbii ki, bunun üçün mümkün qədər böyük hesabla qalib gəlmək lazım gələcək. Həmçinin üçüncü və dördüncü sırada olan Monakonun “Şahmat Dairəsi” komandası ilə Rusiyanın “Uqra” klubları arasında keçirilən görüşün nəticəsi də “Odlar Yurdu” üçün önəm kəsb edəcək. Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Onu da bildirək ki, turnirin mükafat fondu 45200 avrodur. Əsasən kişi şahmatçıların yarışdığı Açıq turnir üçün ilk altı komanda arasında 26 min avro bölüşdürüləcək. Qadınların yarışında isə ilk dörd yerə pul mükafatı veriləcək. Bunun üçün 14 min avro ayrılıb. Həmçinin açıq yarışda səkkiz lövhənin, qadınların yarışında beş lövhənin hər birinin ən yaxşıları üçün 400 avrodan ibarət fərdi pul mükafatı nəzərdə tutulub.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:16-11-2019, 13:21
Oxunub:37


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti