yüklənir...
yüklənir...

Prezident İlham Əliyev: "Son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb"

"Son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb".

VETENPERVERLER.AZ-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı deyib.

"Ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur. Biz əmtəə dövriyyəsini hər il artırırıq. Bu, get-gedə çətinləşir, çünki keçən il biz təqribən 20 faiz artım barədə danışırdıqsa, bu il artım daha çox olub. Beş “Yol xəritəsi” çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada biz geri qalırıq, lakin bunun obyektiv səbəbləri var. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırıblar", - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir: "Bu gün biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldik. Hərçənd, Rusiyadan texnika alınması çərçivəsində bizim aramızda artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik".

"Bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmış yüklərin həcmi əvvəlki ildəkindən 8 dəfə çox olub. Həcmlər hələlik böyük deyil, lakin dinamika güclü təsir bağışlayır. Onu da qeyd etmək istərdim ki, Şimal-Qərb dəhlizi də işə düşüb. Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə, həm cənub, həm də qərb istiqamətində göndərilir. Bu, çox cəhətdən onun sayəsində mümkün olur ki, biz tarif siyasətimizi razılaşdırmışıq və son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb. Bizim əlaqələrimizin bir göstəricisi həm ölkələrimiz, həm də xalqlarımız arasında münasibətlərin ruhu və xarakteri barədə parlaq təsəvvür yaradır. Keçən il 880 min rusiyalı Azərbaycana səfər edib. Bu il onların sayı daha çoxdur. Sirr deyil ki, turistlər təkcə görməli yerlərə baxmaq və milli mətbəx təamlarını dadmaq üçün getmirlər. Onlar o yerə gedirlər ki, orada özlərini təhlükəsiz, rahat, öz evlərində olduğu kimi hiss edirlər. Zənnimcə, bu fakt turizmin sürətlə artmasına dəlalət edir. Təhsil sahəsində böyük uğurları qeyd etmək istərdim. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı, habelə Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Azərbaycanın bütün dövlət ali məktəblərində rus dili bölmələri var. Ölkəmizdə 25 min tələbə rus dilində təhsil alır. Təhsilin rus dilində olduğu 338 məktəbdə 130 min şagird də rus dilində oxuyur", - deyə dövlər başçısı bildirib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:4-10-2019, 21:37
Oxunub:92


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti