yüklənir...
yüklənir...

Hiyləgər populist Paşinyanın qurduğu teatrın pərdəarxası - TƏHLİL

"Sən öz xalq teatrında oynayıb başına oyun açdın. Sənin yanına müstəntiq gəlmişdi".

"Avtomobildən qorun" ("Берегись автомобиля") kinokomediyasından olan bu məşhur fraza Nikol Paşinyanın Ermənistan diplomatik korpusunun ünvanına dedikləri ilə tanış olanda yada düşür.

Qalmaqallı açıqlamaları ilə publikanı təəccübləndirməyə meyilli olan, özünü diqqət mərkəzində hiss etməyə öyrəşən Baş nazir yerinə yetirə bilməyəcəyi vədləri, ziddiyyətli açıqlamaları sağa-sola səpələməyi xoşlayır. Özü də "yaradıcılıq ilhamı"nın qızğın çağında o qədər cuşa gəlib çaşır ki, artıq özündən nağıllar uydurmağa başlayır. Belə bacarığa hətta bu sahənin dahisi İvan Andreyeviç Krılov qibtə edərdi.

İlyarım öncə etirazların qızğın vaxtında Paşinyanın hakimiyyətə gəlməsinə səbəb olan açıq çıxışları bu gün də onun sevimli məşğuliyyətidir. Baş nazir "sadə oğlan" adını qorumağa çalışaraq, az qala hər gün onlayn rejimdə "camaat içinə çıxır". Prinsipcə, bu onun danılmaz haqqıdır, lakin Paşinyan efirə çox çıxdıqca informasiya meydançası tükənməz fantaziyaya malik hökumət başçısının uydurduğu yalanlarla zibillənir.

Lakin, digər tərəfdən, erməni Baş nazirini çalışqan şagird adlandırmaq olar. Çünki tarixi həqiqətləri təhrif etmək baxımından nümunə götürdüyü kəslər var: əlbəttə ki, erməni dövlətçiliyi və tarixi haqqında miflər uydurub yayan erməni "tarixçi-mifoloqlar". Paşinyan da Ermənistan-Azərbaycan münaqişəsinin yaranmasının əsl səbəbləri haqqında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışaraq, bəzən elə nağıllar uydurur ki, adam "Bəsdir özündən "ağ yalan" uydurdun" deyərək qışqırıb etiraz etmək istəyir.

8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukrayna liderləri Belovejsk razılaşmasını imzalamışdı. Bu sənədlə SSRİ-nin hüquqi şəkildə dağıldığı və Müstəqil Dövlətlər Birliyinin yaradıldığı elan olunmuşdu. Bir neçə gün sonra – 25 dekabr 1991-ci ildə – SSRİ dünyanın siyasi xəritəsindən yox olaraq mövcudluğunu rəsmən dayandırmışdı.

Buna görə də Paşinyanın "Azərbaycan SSRİ-nin tərkibindən çıxmışdı və burada qəribə heç nə yoxdur, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdı ki, bu da qəribə hesab edilməməlidir" sözləri heç bir tənqidə tab gətirmir.

Belə ki, erməni Baş nazirinin fitnəkar çıxışının ardınca səsləndirilmiş Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, "Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur".

Daha sonra:

"İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanununun məqsədi müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedur yaratmaqla tənzimləməkdən ibarət idi.

Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli prosedurdan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi.

Lakin qeyd olunan qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi".

Populist Paşinyan bir neçə ay öncə də Ermənistan futbol yığmasının kapitanı, Londonun "Arsenal" komandasının oyunçusu Henrix Mxitaryanın Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında iştirak etməməsinə Bakının "irqçi" mövqeyi ilə bəraət qazandırmağa çalışarkən hiylə işlədib.

"Mən ona Bakının irqçi mövqeyi ilə əlaqədar iştirak edə bilməyəcəyi bugünkü "Arsenal" - "Çelsi" matçından öncə öz dəstəyimi bildirdim. Mən Henrixə onunla fəxr edib heyran olduğumuzu dedim", - deyə cari ilin mayında Paşinyan "Facebook" səhifəsində yazmışdı.

Lakin o, nədənsə Rusiyanın milliyyətcə erməni olan gimnastları Qarsevan və Duxik Canazyan baçı-qardaşlarının həmin ərəfədə Azərbaycanın paytaxtında keçirilən Avropa çempionatında iştirakı barədə "təvazökarcasına" susdu.

Prinsipcə, artıq çoxdan aydındır ki, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarda Paşinyanın qəribəliklərinə mülayim yanaşırlar. Düzdür, 2018-ci ilin yaz aylarında Kreml ciddi narahat olmuşdu. Çünki yeni Baş nazir hakimiyyətə gələr-gəlməz, demək olar, bütün müstəqillik dövrü satilliti (formal olaraq müstəqil, siyasi-iqtisadi cəhətdən asılı) olduğu şimal qonşusu ilə əməkdaşlığı dayandırmaq və Qərbə qucaq açmaq istədiyini aydın şəkildə bildirmişdi. Lakin sonrakı hadisələr göstərdi ki, Paşinyan Rusiyanı tamamilə vecinə almaya bilməz. Buna baxmayaraq, Moskvada hələ də erməni hökumətinin (aralarında eks-prezident Robert Koçaryan da olmaqla) rusiyayönlü protejeləri təqib etməsindən narazılıq edirlər.

Lakin həyatda hər şeyin nisbi olduğu kimi, mülayimliyin də bir həddi var. Düşünülməmiş bəyanatlar yağdırmaqla Paşinyan, deyəsən, bəzən qırmızı həddi aşır, nəticədə də söyüş və danlaq yiyəsi olur. Belə ki, Ermənistanın işğal etdiyi Xankəndində avqustun əvvəllərində Paşinyan Qarabağın Ermənistana aid olduğunu deyən kimi Yerevana yola düşən RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə açıqlama verməli oldu.

Rusiya ilə münasibətlərdə belə cəsarətli "xoruzlanma" daha çox onunla bağlıdır ki, Paşinyan vəzifəyə gəldiyi ilk günlərdən Qərbin, daha dəqiq desək, Vaşinqtonun (həmçinin maddi) dəstəyinə ümid edib. Lakin, deyəsən, güvəndiyi dağlara qar yağıb. Baş nazirin Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyana əsəbləşməsini başqa cür izah etmək olmur.

"Qraparak" qəzetinin yazdığına görə, Paşinyan qeyri-protokol görüş zamanı Ermənistan səfirlərini ölkə iqtisadiyyatının inkişafına kömək etməməkdə və xarici investisiyaları respublikaya cəlb etməməkdə qınayıb. Görüşdə iştirak edənlərin bildirdiyinə görə, Nersisyanın diplomatik fəaliyyətindən narazılığın səbəbi bundadır ki, diplomat Ermənistan Baş nazirinin ABŞ-ın ali rəhbərliyi ilə, o cümlədən Prezident Donald Tramp və dövlət katibi Mayk Pompeo ilə görüşünü təşkil edə bilmir.

"HALO Trust" təşkilatı tərəfindən həyata keçirilən Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə proqramın Ağ Ev tərəfindən maliyyələşdirilməsinin dayandırılması məsələsinin "Amerikanın Erməni Milli Komitəsi" (ANCA) diaspor təşkilatı tərəfindən gündəmə gətirilməsi də Paşinyanın kefinə soğan doğraya bilərdi. Məlum məsələdir, Ermənistan kənardan atılan "pay"larla yaşamağa öyrəşib.

Paşinyanın yerində mən də olsam, özümü itirərdim, çünki Koçaryan cari Baş nazirin bütün səylərinə rəğmən, müqavimət göstərməyə davam edir və real həbs müddətinə məhkum olmaq istəmir. Vəziyyət Baş nazir üçün heç xoşagələn deyil, hətta acınacaqlıdır, çünki ölkəni idarə edə bilməyən Paşinyan yalnız populist bəyanatlar səsləndirə bilər. Komediya ustası Aleksandr Revva demiş, "Mən də özümü itirərdim".

Yeri gəlmişkən, bir neçə il öncə çoxları çaşqınlıqdan "özünü itirmişdi": 2015-ci ilin aprelində, yəni qondarma "erməni soyqırımı"nın "100 illiyi" vaxtı Serj Sarkisyanın prezidentliyi dövründə Yerevanın Respublika meydanında rok-konsert keçirildiyi zaman.

Mən təsəvvürümə belə gətirə bilmirəm ki, 22 iyunda Moskva, Bakı, Daşkənd və Minskdə Böyük Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş konsertlər keçirilsin - özü də rok ifaçılarının iştirakı ilə - və burada musiqisevərlər məşhur hitlərin canlı ifasını dinləyərək coşqunluqla tullanıb düşsünlər. Yaxud 6 və 9 avqustda bu mənzərə Yaponiyada Xirosima və Naqasakiyə atom bombası atılmasının ildönümündə şəhərlərin əsas meydanlarında müşahidə olunsun. Təsəvvür edə bilmirəm ki, 20 yanvar və 26 fevralda Azərbaycanın küçə və meydanlarında Bakının dinc əhalisinin sovet ordusu tərəfindən qətlə yetirilməsinə və Xocalı soyqırımına həsr olunmuş konsertlər keçirilsin. Və ya Pörl-Harbora hücumun ildönümündə ABŞ-da bu tarixi hadisəyə həsr olunmuş rok-konsert təşkil olunsun.

Budur və bu günlərdə Varşavada İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyi münasibətilə matəm tədbirləri keçirilib - şad melomanların öz pərəstişkarlarını salamlayan konsertlər olmadan.

Lakin qayıdaq 1915-ci ilə. Hərçənd Respublika meydanında apreldə baş tutan tədbirin rok-konsert olmadığı elan olunsa da, on minlərlə izləyici məşhur hitlərin ifasından zövq aldıqlarını gizlətmədən sevinclə atılıb-düşürdülər. Onların arasında hətta "System of a Down" qrupunun 10 il ərzində ilk canlı çıxışına baxmaq üçün başqa ölkələrdən xüsusi bilet alaraq Ermənistana gələn "heavy" və "nu metal" üslüblarının azarkeşləri də var idi.

Bax bu ssenari ilə Ermənistan rəhbərliyi erməni lobbisinin dünyada qondarma "soyqırım" kimi tanınması üçün çalışdığı 1915-ci il hadisələri ilə əlaqədar "matəm" tədbirləri təşkil etmişdi.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:2-09-2019, 16:35
Oxunub:106


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti