yüklənir...
yüklənir...

Hüquqi islahatlar: hakimlər rahat nəfəs alacaqlar - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sisteminin dərinləşdirilməsi haqqında” fərmanı ölkədə əsas hadisəyə çevrildi.

Bunu mətbuata açıqlamasında Vəkillər Kollegiyasının üzvü Fərzəli Əliyev deyib.

Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” qanuna böyük dəyişikliklər edildi.

Vəkilin sözlərinə görə, yeni yaradılan kommersiya məhkəmələri birinci instansiyalı məhkəmələr hesab ediləcəklər:

“Qanunda edilmiş dəyişikliklərə əsasən, inzibati-iqtisadi məhkəmələr anlayışı ləğv edilir. Yəni inzibati və kommersiya məhkəmələri 2020-ci il yanvarın 1-dən etibarən ayrıca fəaliyyət göstərəcəklər”.

Prezidentin sərəncamına əsasən, Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə 6 inzibati və 6 kommersiya məhkəməsi yaradılacaq.

Dövlət başçısı Məhkəmə-Hüquq Şurasına tövsiyə edib ki, 2019-cu il dekabrın 1-dək inzibati və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflər versin, eləcə də məhkəmələrin ərazi yurisdiksiyasını müəyyən etsin.

F.Əliyevin sözlərinə görə, digər dəyişikliklər mülki iddiaların verilməsi qaydalarına toxunub. Bundan sonra iddiaları elektron qaydada təqdim etmək mümkün olacaq. Məhkəmələr mübahisələri tərəfləri dəvət etmədən verilmiş sənədlər əsasında nəzərdən keçirəcək və qərarlar qəbul edəcəklər.

Vəkil qeyd edib ki, bu, süründürməçiliyi aradan qaldıracaq və hakimlərlə vətəndaşların vaxtına qənaət edəcək.

Hakimlər təhqiqata vaxt sərf etmək əvəzinə, konkret işlərin baxılmasına daha çox vaxt ayıracaqlar. Bu dəyişiklik müəyyən dərəcədə korrupsiya faktlarının azalmasına təsir göstərəcək, axı iqtisadi mübahisələr konkret sənədlərə əsaslanır və tərəflərin iştirak etməsinə ehtiyac yoxdur. Elektron məhkəmə icraatı vətəndaşların yola çəkdikləri xərclərə qənaət etməyə də kömək edəcək.

O bildirib ki, Cinayət-Prosessual Məcəlləsinə (CPM) də dəyişikliklər edilib. Vətəndaşlar vurduqları maddi zərəri qarşılayacaqları təqdirdə, cəzaların humanistləşdirilməsi siyasəti çərçivəsində istintaq orqanlarına cinayət işini dayandırmaq səlahiyyəti, eləcə də iqtisadi cinayətlərin araşdırlmasında yaranan digər öhdəliklər verilib.

Digər tərəfdən, qanunvericilikdən “hərbi kollegiya” termini çıxarılır. CPM-ə edilmiş dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən apelyasiya və kassasiya instansiyalarında hərbi hakimlərin qərarlarına cinayət işləri üzrə kollegiya tərəfindən baxılacaq.

Mülki-Prosessual Məcəlləsinə (MPM) edilmiş dəyişikliklərdə “iqtisadi mübahisələr” anlayışı “kommersiya mübahisələri” ilə əvəzlənib. Həmçinin kassasiya instansiyasında məhkəməlik işə baxılma qaydaları dəyişib. Bundan sonra Ali Məhkəmə qısa müddət ərzində (10 gün) və tərəfləri dəvət etmədən apellyasiya məhkəmələrinin mülki, kommersiya və inzibati işlər üzrə qərarından edilən şikayətlərə baxacaq.

Prezident İlham Əliyev iyulun 23-də “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanun hakimlərin aylıq vəzifə maaşlarının artırılmasını nəzərdə tutur.

Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Bundan başqa, aylıq maaşa 25 faiz əlavə ödəniş nəzərdə tutulub. Bu dəyişiklərədək Ali Məhkəmə sədrinin əməkhaqqı 2280 manat olub.

Bütün hakimlərin də maaşı artırılacaq. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinin, apellyasiya məhkəmələrinin rəhbərlərinin maaşları Azərbaycan Ali Məhkəməsi sədrinin məvacibinin 90 faizini təşkil edəcək.

İxtisaslamış məhkəmələrin (ağır cinayətlər, hərbi cinayətlər üzrə, inzibati-iqtisadi məhkəmələr) sədrləri Ali Məhkəmə sədrinin maaşının 80 faizi həcmində maaş alacaqlar.

Digər məhkəmələrin sədrlərinin əməkhaqqı Ali Məhkəmə sədrinin maaşının 70 faizini təşkil edəcək.

Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin maaşının 85 faizi həcmində məvacib müəyyənləşdirilib.

Bundan başqa, hakimlərin məzuniyyət müavinətləri artırılıb. Hakim məzuniyyətə çıxanda təkcə məzuniyyət haqqı deyil, həm də 2 aylıq müavinət alacaq.

Hakimlərin maddi təminatının artırılması haqqında qanun bu il sentyabrın 1-dən qüvvəyə minəcək.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:26-07-2019, 19:39
Oxunub:33


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti