yüklənir...
yüklənir...

İYİRMİ YAŞLI QOCA - Etibar Toğrul yazır

(Hekayə)
Ayaz belə bir günü çoxdan gözləyirdi. Qruplarında ən cox xətrin istədiyi və ən çox hörmət etdiyi qız Sevinc idi. Hətda son vaxtlar onda Sevincə qarşı qəribə hisslər də baş qaldırmışdı. Gecə yuxuya keçərkən Sevincin siması onun gözləri önündə canlanır, bəzən yuxusuna da qonaq gəlirdi Sevinc.

Bu hisslər qarşılıqlıymış. Bu gün kurs imtahanı yekunlaşandan sonra universitetdən çıxan Ayaz həmişəki kimi qrup yoldaşlarından aralanaraq, Sahil bağına tərəf səmt aldı. Bağa çatmamış arxadan Sevincin səsin eşitdi.
- Ürəyim darıxır, bəlkə bir az şəhəri gəzək?
Bu təklif Ayaz üçün gözlənilməz olsa da, lakin çox ürəyincə oldu. Dərhal da razılıqla başını tərpətdi.
Beləcə bir birindən xəbərsiz bir birini sevən cütlük yanaşı addımlayaraq Sahil metrosu tərəfə gəldilər. Metronun yanına çatana kimi heç biri dillənmədi. Metronun tininə burulanda sükütü Sevinc pozdu:
- Bəlkə gedək Sabir bağına. Sonra da ordan marşuruta minib evmizə gedərəm.
Yenə də Ayaz baş işarəsi ilə razılığını bildirdi. Ayaz sanki şokda idi. O təsəvvürünə belə gətirməzdir ki, 3 il bir qrupda oxuduğu və ürəyinə yatdığı bir qızla nə vaxtsa yol gedə bilər. Çünki Ayaz həddən artıq utancaq idi. O öz fikrini bu günüdək hər hansı qıza bildirməmişdir. Neçə dəfə Sevincə ürəyini açmaq istəsə də, lakin fikrindən daşınmışdi. Indi isə Sevinc özü ona harasa getməyi təklif edir.

- Ayaz, niyə danışmırsan?
Bu səs Ayazı sankı yuxudan oyatdı. Özünü cəmləyərək dedi:
- Nə damışım ey?
- Nə bilim, nəsə de də. Olmaya mənimlə yol getməyin ürəyincə deyil? Bəlkə başqa işin var idi?
- Yox, ay Sevinc. Nə işim olacaq?

Beləcə gəlib çıxdılar Nizami müzeyinin yanına. Bu dəfə də Sevinc dilləndi:
- Ayaz, orda heç kim yoxdu gedek oturaq o skamyada – deyərək əllərinlə Sabirin heykəlinin sol tərəfindəki oturacaqları göstərdi.

***
- Ay kişi, bu gün Ayazın imtahanı idi. Görəsən imtahan qutarıb, uşaq neçə alıb imtahandan?
- İndi özü gələr, özündən soruşarsan neçə alıb. Mən nə bilim, mən də sənin yanında deyiləm?

Ayazın anası Sədaqət xanım dərindən ah çəkərək dedi:
- Yazıq uşaq, neçə gündür gecələr oxuyur, yazır, imtahana hazırlaşır. Deyirdi ki, qrupumuzda məndən, birdə bir qızdan başqa hamı pul yığıb, qrup rəhbərinə veriblər ki, imtahandan qiymət alsınlar. O qədər uşağın içində bir mənim tifilimdi, bir də o qız kimdisə, odur özünə zəfa verıb oxuyan. Belə də inistitut olar? Pul ver qiymət al... Çox qəribə bir zamanəyə gəlib çıxmışıq.
- Ay arvad, o vaxtı bizim də vaxtımızda o insititutda pulla qiymət alan tələbələr var idi. Ancaq biliyə də qiymət verirdilər. Ta indiki kimi deyildi. Qrupda 20 uşağın onu oxuyub qiymət alırdı, onu isə dədəsinin pulu ilə qiymətin yazdırırdı. Mənim kimi yetimlər, kasıblar gecə-gündüz kitabxanalarda əlləşirdik, oxuyurduq və qiymət alırdıq. Yəqin o dediyin qızın da atası mənim kimi ya müəllim babadır, ya da fəhlə. Onun üçün də canına əziyyət verib oxuyur. Amma ay arvad, oxuyub qiymət almaq yaxşıdır. Hamının yanında dilin uca, başın yuxarı olur. Düzdür mən birdən öz əziyyətimə heyfim gəlir ki, o boyda əziyyət çək, oxu, qırmızı diplomla inistitu bitir, indi də gəl 140 manata müəllimlik elə. Amma bizim məktəbin direktoru institutda qiymətlərini pulla yazdırırdı. Onun kurs işlərində, diplom işində mən yazmışam. Amma nə fayda? 20 ildir məktəb direktorudur, evi, villası, hər cür şəraiti, altındada cip deyirlər, nə deyirlər ondan var. Bir ondan soruşan yoxdur ki, ay şərəfsiz bir balaca köçkün məktəbi ilə bütün bunları nə ilə etmisən?
- Ay kişı, indi zamanə onlarındır. Indi hamı elələrindən qorxur, gözün üstə qaşın var demır. Amma sənin kimi ömrünü xalqın uşaqlarının yolunda şam kimi əridən bir müəllim 20 ildir yataqxanada çürüyür. Iki oğlun dolanışıq ucbatında başların götürüb getdilər urusetə. Onların yaşıdları ailə, uşaq sahibidir. Biz yaşda olanlar hamısı nəvə oynadır. Mənim isə iki yep yekə oglum uresetin bazarlarında it zülmü çəkirlər. Namiqi 18 yaşında yolladın döyüşə, yazıq uşaq düz 4 il səngərdə yatdı. Qazanjı isə ayağındakı qəlpə oldu. Indi soyuq olan kimi ayağı sızıldayır. Onun orda ayağı sızıldayanda mənim burda ürəyim sızıldayır. Neçə dəfə getdin-gəldin o uşağa bir pensiya kəçdirə bilmədin. Çünki pulumuz yox idi. Amma qonşumuz Tükazman arvadın oğlu neçə ildir xəstəlik pensiyası alır. Ozü də yataqxananın qarşısında alver edir. Onun harası xəstədir? Kartof kiçəsinin ikisin birdən qaldırır. Hələ bu yaxınlarda arvadın da apardı rayona xəstəliklə çıxartdı pensıyaya. Soruşuram necə oldu? Deyir rayonda o vtekdi, nədi, onun sədrinin stolunun üstınə 1500 manat pulu qoyduq, o da nə lazımdır yazdı, pozdu, məni komissiyadan keçirtdi.
- Ay arvad, sən atanın goru onun bunun haqq-hesabın mənim yanımda çəkmə. Kim nə edir özü bilər. Ondan bizə nə?
- Deməyim odur ki, sən 18 yaşında uşağını 92-ci ildə yolladın cəbhəyə. Amma sənin direktorun 3 oğlundan heç biri döyüş görməyib. Amma özü də, arvadıda, uşaqlarıda pensıya alır. Sən isə, 20 ildir qulaqlarımızı yara eləmisən ki, millət belə gəldi, el-oba belə getdi, ay nə bilim mılli qurur, rayon təəssübü ... ey nə bilim, daha nələr, nələr. Bütün bunlar boş söhbətimiş ay kişı.
- Sən Allah bəsdir. Heç kim öləndən sonra özü ilə pul, var-dövlət aparmayacaq. Insan oğlu, insan bu həyatda şərəflə yaşamalıdir. Insan bu dünyadan ancaq rəhmət aparır, rəhmət. Onu da kim qazana, kim qazanmaya. Mənim direktorum öləndə hamı deyəjək ki, Allah lənət eləsin, çox əxlaqsız və tamahkır adam idi. Amma mən öləndə, mənim yüzlərlə dərs dediyim, elm öyrətdiyim, düz yola istiqamətləndirdiyim yetirmələrim hamısı, arxamca deyəjəklər ki, Allah rəhmət eləsin! Yaxşı insan və əsl müəllim idi. Bu dünya müvəqqətidir, ay arvad. Bu müvəqqəti dünyada hamı çalışıb rəhmət qazanıb, əbədi dünyaya tədarük görməlidir. Ancaq təəssüflər olsun hamı bunu dərk eləmir. Mənim direktorum kimi naqis insanlar ömürlərini içki məclislərində, eyş-işrətlə keçirdirlər, kolektivin qadın işçılərinə, hətda valideynlərə də əxlaqsız təkliflər etməkdən belə çəkinmir. Çünki o cür insanlar Allaha yox, şeytana itayət edirlər. O adamda şərəf hissi olsa, özünü müəllim adlandırmaz. Mən şahidəm ki, o 30 ildir ki, əlinə jurnal alıb sinif otağına girməyib. Amma mən tətil olanda dərs otağı üçün, sinif jurnalı üçün və şagirdlərim üçün darıxıram. Çünki mən onlarla nəfəs alıram, həyatımın qayəsı onlardı. Amma mənim direktorum səhər yuxudan oyananda fikirləşir ki, görən bu gün mənə kim qonaqlıq verəjək, doyunca araq içim. Onunla bir yerdə toy məclisində olanda xəcalət çəkirəm. O qədər araq içir ki, sanki sabah bu cəhrimar araq qəhətə çəkiləjək. Içir və nə sözün bilir, nə hərəkətin bilir. Nəvəsi yaşında olan qızlara utanmaz-utanmaz kamprement deyir. Bəzi yaltaqlarda müəllim, müəllim deyərək ona yaranırlar. Az qalıram duram ayağa deyəm ki, ay yaltaqlar, heç müəllim şərəfsiz də bu qədər araq içib, özünü meymun sifətinə salar? Elə bu sözü deməmək üçün, həmişə məclisi tez tərk edirəm. O ki, qaldı Namiqi döyüşə yollamağıma, mən onu etməli idim. Bu gün də olsa edərəm. Mən oğlumu döyüşdən yayındıra bilməzdim. Adama deyərlər ki, vətəntənpərvərlikdən danışırsan, bəs öğlun niyə cəbhəyə getmir? Birdə bizim oğlumuz rəhmətliklər Allahverdi Bağırovdan, Fered Asifdən, Şirin Mirzəyevdən, Xaspolad Rzayevdən, Ərşad Nadirovdan, bu yaxınlarda prezidentimiz evinə qonaq getdiyi Oruc Cabbarovdan nəyi artq idi. Mən Namiqi döyüşə yola salanda onu Vətən üçün qurban demişdim.

Ayazın atası Nəsib müəllim bu sözləri deyib, bayaqdan bəri əyləşdiyi köhnə divandan qalxaraq pəncərə yaxınlaşaq əlavə etdi:
- Nəsə, çox qiybət etdik. Allah keçsin günahımızdan. Arvad, evdə olanda bax belə qoşuluram sənə danışıram.

Otağın küncündə qoyulmüş stüldə əyləşib, lobya doğrayan Sədaqət xanım narahatcasına dilləndi:
- Ay kişi gunorta oldu, amma hələ də Ayaz gəlib şıxmadı.
- Düz deyirsən arvad, gunorta oldu, amma sənin gunorta yeməyin hələ də hazır deyil. Güjü vermisən çənənə, elə hey danışırsan.
- Əşi, qutarmışam, indi aparıram qoyam üstə. Görən qazın üstü boşdu? 15 ailə 2 peçə möhtacdir.
- Yenə də həmin yağnan pişirəssən yeməyi? Dünən axşamdan mədəm zoqa verir. Mənim mədəmə ziyan edir o yağ.
- Ay kişi, evdə başqa yağ yoxdu axı. Həmdə neyniyim, bu yağ sərfəlidir. Bu mərtəbədəki arvadların hamısı o yağla yemək biçirir. Mədəni başa salki, müəllim maaşı ancaq bu yağa çatır. – deyərək soyuducudan yağ qutusun, soyuducunun yanındakı soğan-kartov qabından isə 2 ədəd soğan götürüb stola yaxınlaşır.
- Sən Allah get o soğanı çöldə doğra. Onun iyisini otağa yayma.
- Onsuzda çöldə doğrayacam. Sənə deyəndə ki, Ayaza telefon almaq lazımdır, deyirdin ki, neynir telefonu. Bax indi telfonu olsaydı zəng edib halı bilərdik.
- Ay rəhmətliyin qızı, nəynən alıram telfonu? Maaşım ancaq qarnımızı güjlə ödəyir.
- Yaman ödəyir. Bir aydı ət yemirik. Camaat 2 aydı lobya yeyir, biz hələ indi nubar edirik. – deyərək Səadət xanım dodağının altında məzıldanır.
Nəsib müəllim isə sözünə davam edir.
- Qardaşı dedi ki, alıb yollayajam, bəs nə oldu?
- Yazıq, yəqin imkan eliyə bilməyib. – deyərək, soğanı, yağı və doğradığı lobyanı götürüb dəhlicə çıxır.

***
Sabir bağının yanında oturacaqların birində Ayazla, Sevinc yanaşı əyləşıblər. Bir neçə dəqiqəlik sükütü yenə də Sevinc pozur.
- Bu gün ki, imtahan mənim üçün çox gərgin keçdi. Sənin üçün necə oldu Ayaz?
Ayaz sanki Sevincdən utanırmış kimi, gözlərini bir nöqtəyə zilləyib durmuşdu. Başını tərpədmədən Sevincin sualına cavablandırdı:
- Ay Sevinc, bu üç ildə imtahanların hamısı sənin və mənim üçün gərgin keçib. Axı pul vermirik...
- Düz deyirsən Ayaz. Qrupumuzda ikimizdən başqa heç kimi oxumaq maraqlandırmır. Onlar valideyinlərınin pullarına ayxayındılar. Ildə iki dəfə qrup nümayəndəsi pulları yığıb aparır verir qrup rəhbərinə. Nəysə, gəl indi heç olmasa, özümüzdən danışaq.

Sevinc bu sözləri deyib, Ayaza baxdı. Ayaz isə yenə də gözünü bir nöqtəyə dikmişdi. Sevinc qarşısına məqsəd qoymuşdu ki, nə yolla olursa olsun, bu gün Ayazın sirrin öyrənəcəkdi. Nədən 20 yaşında bu cavan oğlan, həyatdan sankı vaz keçib? Heç kimlə yoldaşlıq etmir, çayxanaya, kafeyə getmir, əyləncəyə vaxt ayırmır, sevdiyi bir qız yoxdu, özünü yaşdı kiçilər kimi aparır? O boyda universitetdə yegənə tələbədir ki, mobil telefonu yoxdu, dəblə geyinmir? Bütün bu suallar Sevinci neçə vaxt idi ki, düşündürürdü. Onun üçün də özündə cəsarət tapıb dedi:
- Ayaz, sənin nəsə bir dərdin var?
Ayaz ilk dəfə olaraq üzünü Sevincə tərəf çevirərək cavab verdi:
- Yox, nə dərdim olacaq?
- Bəs niyə heç kimlə qaynayıb, qarışmırsan? Qrupumuzdaki oğlanlar kimi, səndə, öz gənclik ömrünü yaşamırsan? Səni bu üç ildə bir dəfə də olsun nə çayxanada, nədə tələbələrın getdiyi başqa yerlərdə görən olmayıb? Bu sual qrupumuzda hər kəsi maraqlandırır, ancaq heç kim soruşmağa cürət etmir.
- Niyə? Mən o qədər də qorxulu adamam ki, məndən söz soruşmağa cürət etmirlər?
- Yox, qorxulu adam deyilsən. Sadəcə çox qaraqabaqsan.

Yenə araya süküt çökdü. Bu dəfə də sükütü Sevinc pozdu.
- Ayaz, səndən xahiş edirəm, əgər mənə azda olsa hörmətin varsa, gəl bu gün səmimi olaraq söhbət edək.
- Sevinc, inan ki, mən çox səmimi bir insanam və səmimiyyəti də çox sevirəm. Ancaq mən qrupumuzdakı oglanlar kimi ola bilmərəm. Bilirsən niyə?
- Maraqlıdır, niyə?
- Çünki, o uşaqların hamısı maddi cəhətdən təmin olunmuş ailələrdən şıxıblar. Bildiyimə görə, Rəşadın atası bankda işləyir, Zaurun atası müstəntiq, Ramilin atası şadlıq evinin sahibi, Samirin atası yoxdu, amma anası Dubaya gedib, gəlir, alverçıdir. O biri uşaqlar haqqında məlumatım yoxdu, amma təxmin edirəm ki, imkanlıdırlar. Amma mənim atam aylıq maaşa qulluq edən siravi müəllimdir. Mən ağlım kəçəndən yataqxanada yaşayıram. Mənim körpəliyim, uşaqlığım, yeniyetməliyim, indi gəncliyimdə yataqxananın darısqal otağında, üfütən qoxulu yataqxana dəhlizində və arvadların qiybət yeri, kişılərin damino oynadığı yataqxana həyətində keçib. Mənim qrup yoldaşlarımın cibində hər gün 20-30 və bəlkə də daha çox pul olduğu halda, mən isə hava çox soyuq və yağışlı olanda dərsə metro ilə gəlirəm, qalan vaxtlar isə piyada gəlirəm. Yaxşı ki, qaldığımız yataqxana uzaq deyil. İndi sən denən, mənim o uşaqlarnan yoldaşlığım tutar, ya yox?
- Hər şeyi pulla da ölçmək olmaz axı Ayaz.
- Söhbət tək puldan getmir. O uşaqların birdən bir-biriləri ilə etdikləri söhbətləri eşitməli oluram. Biri deyir, dünən axşam atam bizi yeməyə götürmüşdü, super yedik-içdik. Biri deyir atamın Türkiyədən qonağı gəlmişdi, atam bizi də apardı filan restaranda şam etdik. Onların olduqları restaranların adlarını mən ya onların dilindən, ya da televiziyada reklamdan eşitmişəm. Mənim atam bir dəfə də olsun məni restaran yox ey, heç çayxanada çay içməyə belə aparmaylb. Çünki, atamın buna imkanı olmayıb. Çayxanaya verəcəyi bir manat pul bizim ailənin iki günlük çörək puludur. Mən heç restaranda gedib necə oturmaq lazımdir, onu bilmirəm. Bəlkə də inanmazsan, amma mən heç toyda belə olmamışam. Mənim iki qardaşım var, ikisinin də evlənmə yaşları çoxdan ötüb. Amma imkan dərdindən heç biri evlənə bilmir. Böyük qardaşım məndən çox böyükdür. Mən dünyaya gələndə o hərbi xidmətdəydi. Ikisi də Rusiyada güclə özlərıni dolandırırlar. Hərdən imkan olanda bizim əyin-başımızı alıb yollayırlar. Anam hərdən böyük qardaşımla telefonla danışanda yalvarır ki, gəl evlən, ailə sahibi ol. Qardaşım isə deyir ki, ay ana evlənim, gəlini hara gətirim? Yataqxanaya? Fikirləşirəm ki, qardaşım düz deyir. Heç kimə arzulamaram ki, yataqxanada ailə saxlasın, yataqxanada böyüsün.
- Ayaz, dostum, bütün bunlar əsas vermir ki, axı sən həyatdan küçəsən. Həyata daha açıq gözlə baxsan, nəsə fərqi bir şey görə bilərsən. Elə bir şey ki, ondan zövq alarsan və onu həyatının mənası edə bilərsən.
- Yox Sevinc, səhfin var. Mən gözlərimi lap bərəldib bu həyata iki gözlə yox, dörd gözlə baxsam, yenə də fərqli bir çeyə görə bilmərəm. Mən uşaq olmamışam, çünki uşağın oyuncaqları olar və həmin oyuncaqlarla uşaq dünyasın yaşayar. Mənim isə bir dənə də olsun oyuncağım olmayıb. Mən yeniyetmə olmamışam, çünki yeniyetmə oglan yaşıdları ilə küçədə velosiped sürər, internet kuluba gedər, mən də isə belə olmayıb. Mən cavan da ola bilmədim, çünki gənc oglan dərsdən sonra harasa gedər, əylənər, evə gələndə də öz otağına çəkilib kamputer vasitəsi ilə dostları ilə yazışar, vaxtın keçirdər. Mən bütün bunlardan mərhumam Sevinc. Mən gözümü açandan atam və anamla bir otaqda yatıb, durmuşam. Insan nə qədər anasına deyər ki, “ana çıx dəhlicə, mən paltarımı dəyişim?” Mən 20 ildir atamın - yaxşı oxu, millətini sev, rayonumuzun adını hər zaman üstün tut və.s. – kimi nəsiyyətləri ilə yuxuya keçmişəm. Mən uşaq olmadan, yeniyetmə olmadan, gənc olmadan qocaldım... Mənim atam ayda 140 manat maaş alır, onun da 10 manatını direktora verir. Yerdə qalan 130 manatla üç nəfərlik ailəni acından ölməyə qoymur. Amma mənim qrup yoldaşlarım 130 manatı bir gecədə kefə xərcləyirlər. Onlar birdən ad günlərınin necə də təm taraqlı keçirtdiklərindən danışırlar. Bir neçə dəfə də məni dəvət ediblər, amma mən getməmişəm. Çünki mən getsəm, məcburam mən onları ad günümə dəvət edim. Mən isə ad günü nədir, bilmirəm.
- Niyə? – Sevinc təəccüblə soruşdu.
- Mən dünyaya gəldiyim gün, bizim şəhər ermənilər tərəfindən işğal olunub. Düz bir aydan sonra həm mənim 20 yaşım tamam olacaq, həm də şəhərimizin işğalının 20-ci ildönümüdür. Ağlım kəsəndən bəri, atam hər il mənim dünyaya gəldiyim gün məni Şəhidlər Xiyabanına aparır. Orda mən xarici markalı maşınlardan düşən yekə qarın əmilər görmüşəm, atamın direktorunun da insana oxşamayan sifətini də orda görürəm hər il. Hər dəfə hamı sırayla şəhidlərin qəbrini ziyarət edir, sonra abidənin yanında dayanırıq, bir molla fatihə sürəsin oxuyur, sankı torpağımız ölüb, bu gün də il mərasiminə yığışmışıq. Çox gülməli bir mənzərə yaranır. Mən hələ orta məktəbin 3-cü sinfində oxuyan vaxtı, atam evə bir kitab gətirmişdi. Kitab bizim rayonumuza həsr olunub. Adı da “Ağdamım-Qibləgahım”dır. Bu kitab bu gündə o balaca otağımızın ən qiymətli əşyasıdır. Tez-tez atam o kitabı vərəqləyir və hər dəfə də yana-yana deyir: - filankəsdə Vətənə qayıtmadan öldü getdi. - Həmin kitabda rəhmətlik Şahmar Əkbərzadənin bir şeri var, hələ 3-cu sinifdə oxuyanda o şeri atam mənə əzbərlətmişdi.

Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur!
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa anası yoxdur.
Ana torpaq dedik axı, ona biz,
Yığışın, ay ellər, anamız ölüb!
Bizə öz qoynunda yer verənimiz,
Ruzilər yetirən dünyamız ölüb!

Yerlərə, göylərə sığmaz bu günah,
Qatil özümüzük, müsibətə bax!
Öləni torpağa gömərlər, Allah,
Bəs ölmüş torpağı harda basdıraq?

Bax bu şeri, rayonumuzun hər işğal ildönümündə molla fatihə verəndə öz özümə zümzümə edirəm. Mollanın fatihəsindən sonra isə 2-3 nəfər pafosla çıxış edirək, - gələn il bu vaxtı mütləq Vətənimizdə olacarıq – deyirlər. Sonra isə, atamnan yataqxanaya qayıdırıq. Anam halva bişirib qonşulara paylayır, atamsa uzanır televizorun qarşısında rayonumuz haqqında efirə gedən verilişlərə baxır. Arada da bir göz yaşını silir. Bax mənim ad günlərim bu şəraitində keçir...

Ayazın söylədiklərıni çox diqqətlə dinləyən Sevinc dərindən ah çəkərək dedi:
- Sən çox ağrılı bir gün də dünyaya gəlmisən. Ancaq bunda sənin günahın yoxdu. Buna görə sən özünü hamıdan təcrid etməməlisən Ayaz.
- Təcrid etməyim neyniyim, ay Sevinc? O uşaqların dünya görünüşü ilə mənim ki, uyğun gəlmir. Bayaq sənin yanında söylədiyim şerı onların yanında desəm, gülərək mənə lağ edəcəklər. Mənim dinlədiyim musiqi muğamdır, şurdu, xalq mahnılarıdır, onlar isə rep, estrada, meyxana dinləyirlər. Birinci kursda oxuyanda Samir məndən soruşdu ki, sənin ən çox sevdiyin mahnı hansıdır? Mən də sadəlövcəsinə cavab verdim ki, Qədir Rüstəmovun “Sona Bülbülləri”. Elə bunu demişdim ki, bərkdən gülərək, məni uşaqların içində qağa qoydu. Bir müddət isə mənə Ayaz baba deyərək müraciət etdi.
- Muğam dinləməyi mən də xoşlayıram.
- Sevinc, mən gözümü açandan evimizdə eçitdiyim musiqi muğam olub. Efirdə atamın sözü ilə desək, “dingiş” musiqə səslənən kimi, televizorun kanalı dəyişməlidir. Qardaşım Rusiyadan mənə DVD maqnitafon alıb gətirmişdir. Hələ bu günədək o DVDyə milli musiqidən, muğamdan başqa disk qoşulmayıb. Bizim rayonumuzda keçmişdə “Şur” adlı bir məhşur ansanbl olub. Ötən il həmin ansanblı rayonumuzun yeni icra başçısı bərpa etdirdi. Atam həmin bərpa olunmuş ansanblın diskin gətirdi. Televizorda maraqlı bir veriliş olmayanda atam deyir ki, ay bala “Şur”un diskin qoy baxaq. Həmin diskdə “Bayatı-şiraz” muğamı ifa olunur. Təxmini 25 dəqiqəlik çəkilişdi. Sözün həqiqi mənasında adam o diski dinləyəndə ruhu təzələnir, unversetdə rastlaşdığım eybəcərlikləri, cəmiyyətdə baş verən haqsızlıqları unudursan. Mən vaxsız qocalmışam, eləmi Sevinc? Qrupumuzdakı uşaqlar elə haqlı yerə hərdən mənə “qoca” ləqəbi ilə çağırırlar.
- Sənin ruhun onlarınkından tamam fərqidir Ayaz. Sən milli ruhda böyümüsən, onlar isə əcnəbi ruhda. Sən halallıq ilə yaşayan bir müəllimin 130 manatı ilə çörək yeyırsən, onlarsa haram yollarla qazanılan pullarla. Sən əsl ziyalının, bizlərə elm öyrədən bir pedaqoqun övladısan, onlar isə saxtakar, dələduz və əxlaqsız insanların. Bax sənin onlardan fərqin budur.
- Ona görə, deyirsən özünü hamıdan təcrid eləmə. Mən onlarda özümü nücə təcrid etməyim?

Sevinc qeyri ixtiyarı olaraq, iki əlləri ilə Ayazın əllərini tutdu. Bu an Ayazın sankı vuzudu əsdi, bədəni titrəməyə başladı. Ayaz istəsə belə əllərini Sevincin əllərindən qopara bilməzdi. Çünki onda artıq əllərini hərəkət edəcək qədər taqət qalmamışdır. Sevincin pamqıq kimi yumşaq əlləri Ayaza qeyri-adi hisslər yaşadırdı. Bu hissləri Ayaz ömründə ilk dəfə duyurdu. Hər ikisinin özləri də hiss etmədən yanaqları qızarmışdı. Araya çökən sükütü yenə də Sevinc özün cəsarət tapıb pozdu.

- Ayaz, mən o uşaqları demirəm... Demək istəyirəmki, özünü heç olmasa məndən təcrid etmə...
Sevinc sonuncu cümləni qırıq-qırıq və boğuq səslə dedi və əllərini Ayazın əllərindən çəkdi. Ayaz isə heç bunu istəmirdi. Bu anın sonsuzluğa qədər davam etməsıni arzulayırdı. Ayaz bu an ətrafına belə baxmağa utanırdı. Elə bilirdi ki, atası kənarda dayanıb ona göz qoyur. Ona görədə gözlərini Sevincdən çəkmədən asta səslə dedi:

- Sevinc, qrupumuzdakı uşaqların içində ən çox sənin xətirini istəyirəm.
- Bu hörmət qarşılıqlıdir Ayaz. Mən də sənin kimi müəllim ailəsində böyümüşəm. Atam da, anam da müəllimdir. Mən müəllim maaşı ilə yaşamağın çətinliklərini bilirəm. Ancaq fərqimiz budur ki, biz sizin kimi məcburi köçkün deyilik, yataqxana da yaşamırıq, öz evimiz var. Ancaq sizin də bu vəziyyətiniz müvəqqətidir. O gün televizorda özüm eşitdim ki, yaxın 2 il müddətində Bakıda yaşayan bütün məcburi köçkünlər yeni mənzillərə köçürüləcək. Ona görə heç ürəyini üzmə. Tezliklə sizin də eviniz olar. Bilirsən Ayaz, mən üç il bundan əvvəl müəllimlik ixtisasını seçəndə anam heç cürə razı olmurdu. Deyirdi ki, atan da, mən də müəllim olmuşuq, qazancımız nə olub ki? Zülümlə yaşamışıq. Razı olmaram ki, sənin də həyatın bizimki kimi, əziyyətli olsun. O vaxtı atam mənə dəstək oldu. Anama dediki, işin olmasın, qoy qızımım ürəyi haranı istəyir, oranı da seçsin. Indi sevinirəm ki, nə yaxşı o vaxtı anamın sözünə baxmamışam. Bax bizim qrupdakı uşaqların içində bir sən, bir də mən əsl pedaqoq olacarıq. Çünki gecə-gündüz oxuyuruq, öyrənirik və bu öyrəndiklərimizi sabah bir pedaqoq kimi gənc nəslin təlim-tərbiyyəsinə sərf edəcəyik. Ancaq bizim qrup yoldaşlarımız isə, gedib təhsildə pul yığmaqla məşğul olacaqlar. Necə ki, bu gün çoxları bu işlə məşğuldur. Onlar bu gün qiymətlərıni pulla yazdırdıqları kimi, diplomlarını da pulla alıb, atalarının hesabına təhsildə vəzifə tutacaqlar. Sənin atanın direktoru kimi, mənim atamın direktoru kimi müəllimlərin halal əmək haqqlarına göz tikəcəklər, şadirdlərdən süfürgə pulu, pərdə pulu, təmir pulu, fond pulu adı ilə pullar yığacaqlar. Sənlə, mən isə atalarımız kimi ömrümüzü millətin uşaqlarına elm öyrətməklə keçirdəcəyik. Əsl şərəfli ömrü biz yaşayacarıq. Necə ki, sənin atan, mənim atam yaşayıb, eləcə də biz yaşayacarıq.

Elə bu an Sevincin telfonuna zəng gəldi. Sevinc çantasından telfonunu çıxardaraq, zəng gələn nömrəyə baxdı və üzünü Ayaza tutaraq dedi:
- Anamdır. Gecikmişəm deyə, narahat olub – deyən Sevinc telefonun yes düyməsin basaraq dilləndi: - Eşidirəm ana... Hər şey yaxşı oldu... İndi marşuruta minib gəlirəm... Hələlik anam.

Telfonu qapadaraq çatdasına qoyan Sevinc dedi:
- Ayaz bəlkə gedək? Mən bu qədər gecikməzdim. Ona görə də anam narahatdır. Yəqin sizikilər də bərk narahatdır. Gedək?

Ayaz dərhal ayağa qalxaraq dedi:
- Gedək Sevinc...
- Hələlik Ayaz – deyərək Sevinc sağ əıi ilə Ayazin sol əllərini sıxdı və tez də boşladı. Ayaz isə titrək səslə dilləndi:
- Çox sağ ol Sevinc... Hər şeyə görə sağ ol.

***
Əlində qazan otağa daxil olan Sədaqət xanım həyat yoldaşına dedi:
- Ay kişı, Ayazımın başında görən nə var ki, gəlib çıxmayıb?
Əlində kitab divanda oturan Nəsib müəllim deyir:
- Gələr indi... Gəl sənə Ramiz Rövşəndən bir şer oxuyum. Amma ay arvad, oxuyacağım bu şer elə sənlə, mənə ayıddır. Gör nə yazır ey, ustad şair;

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra,
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var
Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!
Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?
Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...

Həyat yoldaşının oxuduğu şerdən doluxlaşan Sədaqət xanım kövrək səslə dillənir:
- Ay kişi, sən Seyid Lazım Ağanın cəddi ölümdən az danış. Hələ bizim ölmək vaxtımız deyil. Biz ki, hələ oğul toyunda qol qaldırıb süzməmişik.

Elə bu vaxt otağın qapısı açıldı. Nəsib müəllim həyat yollaşına üzünü tutaraq dedi:
- Odey ha, oğlun gəldi.
Sədaqət xanım gülə-gülə otağa daxil olan oğluna dedi:
- Anan sənə qurban ay bala, bayaqdan ürək-göbəyimi yemişəm, harda qalmısan? Gəl çıxdə. Imtahanın necə keçdi Ayaz?

Ayaz təbiətinə uyğun olmayan tərcdə gülə-gülə cavab verdi:
- 5 aldım, ay ana.
Ayazın bu şux hərəkəti atasına qəribə gəldiyindən soruşdu:
- Oğul, maşallah, sən bütün imtahanlarından 5 qiymət almısan. Amma belə şən olduğunu görməmişdik. Indi xeyir ola, belə şənsən?

Sədaqət xanım həyat yolşının sözünə cavab olaraq dedi:
- Ay kişı, mənim də oğlumun şən olmağa, deyib-gülməyə haqqı vardə...
Ayaz araya başqa söhbət salmaq üçün atasının əlindəki kitaba işarə edərək dedi:
- Ata, yenə Ramiz Rövşəni oxuyursan? Ramiz Rövşənin şah əsəri bilirsiz hansıdır?
Bunu deyib, üzünü anasına tutaraq, əzbərdən Ramiz Rövşənin bir şerıni söylədi:

- Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlinde oynatdı bizi.
Biz ki yol nedi bilmezdik,
Biz ki öl nedi bilmezdik,
Bilsek dünyaya gelmezdik,
Analar aldatdı bizi..

Səadət xanım özünü ağlamaqdan güclə saxlayaraq dedi:
- Bu gün sizə nə olub ey, ata, bala elə ancaq ölümdən danışırsınız?
- Ay arvad, bu ölüm deyil, Ramiz Rövşən fəlsəfəsidir. Məni bu eybəcər həyatda yaşadan bax bu fəlsəfədir. Ramiz şeriyyatı mənim üçün nəfəslikdir. Boğulanda bu kitabı oxuyuram və oxuduqca da nəfəs alıram. – deyən Nəsib müəllim, əlindəki kitabı pəncərənin qarşısına qoydu.

Ayaz isə üzünü atasına tərəf tutaraq dedi:
- Ata, deyirlər tezliklə Bakıda yaşayan bütün məcburi köçkünlərə təzə mənzillər verəcəklər. Görən bizə də verəcəklər o mənzillərdən?
- İnşallahlah ay bala, bizim də canımız bu yataqxanadan qutarar. – deyərək Sədaqət xanım seviclə bildirdi.
- Mənə doğma torpağım lazımdır oğul. Torpağıma qayıdım, orda çadır qurub yaşamağa hazıram. O çadırda mən daha xöşbəxt və qururla yaşayaram, nəyinki, Bakıda təmtaraqlı mənzildə... Yadında saxla oğul, Bakı cənnət olsa da, yandırılmış, dağıdılmış doğma şəhərimiz mənim üçün daha doğmadı. Mən bu 60 ildə, 40 il ömür yaşadım. Son 20 ilimi ömürdən saymıram. Allah Xudu Məmmədova rəhmət eləsin! O böyük insan deyərdi ki; “Ömür yadda qalan, günlərlə ölçülür.” Mənim isə yadda qalan günlərim ağ şəhərimdə olub. Əgər yenidən ağ şəhərımə dönərəmsə, ömrümə davam edərəm.
- Ey ay kişı, yenə başlama sən Allah. Torpaq alınsa elə bilirsən sənin rayonunun harınlanmış ailələri gedəcək ora. Elə biri sənin direktorun, o burdakı rahat həyatı, villasın qoyub dağıdılmış şəhərə getməz. – deyən Sədaqət xanım həyat yoldaşına iradın bildirin.
- Heç getməsin. Onsuzda o tipli insanların üzləri olmayacaq şəhərimizə geri dönməyə. Çünki orda bir nizan-tərəzi qurulacaq. Köçkünçülük illərində kim nələr edib, kimlər Vətənə dönük çıxıb, kimlər harınlayaraq gözləri ayaqlarının altın görməyib, bax onlar sorğu-sual ediləcək. O nadürstlər isə həmin soğru-sualdan keçə bilməyəcək. Həm də elə insanların Vətənləri olmur. Onların günlərı harda xoş keçirsə, ora onlar üçün Vətəndir. Vətəni kim unudubsa, Vətən də o bədbəxt insanı övladlıqdan silib. Vətən azad olandan sonra yalnız və yalnız öz doğma övladlarını, bu sinaqdan üzüağ çıxanları öz axuşuna alacaq.
Son
Iyun 2013-cu il. Bakı şəhəri

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-07-2019, 17:18
Oxunub:219


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti