yüklənir...
yüklənir...

27 il Şuşasız...

Qarabağın döyünən qəlbi Şuşa
Vetenperverler.Az xəbər verir ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı.
Bu tayı-bərabəri olmayan sirli şəhərin banisi Pənahəli xan Sarıcalı-Cavanşir olub. Nadir şahın ölümündən sonra 1747-ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlir. O, 1750-ci ildə Qarabağın ən gözəl guşəsində vaxtilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir. Pənahəli xan Şuşanı paytaxt edib möhkəmləndirmiş, qala-şəhərə çevirmişdir. Şəhər bir müddət xanın şərəfinə “Pənahabad”, sonrdan “Şuşa qalası” və şəhər şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə", sonra “Şuşa” adlandırıblar. Digər bir versiyaya görə, şəhərin adı “şüşə” sözündən əmələ gəlib. Şuşa bulaqlarının suyu elə duru və şəffaf olub ki, yerli sakinlər onu şüşə ilə müqayisə ediblər.
Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə – 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu göstərir ki, Şuşanın alınmaz qalaladır. Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənahəli xanın dövründə təmir olunmuşdur. Monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər salındı. Şuşa XVIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur. Şuşa XVIII əsrin ikinci yarısında Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuşdur. Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarlarına çıxmışdır. İstehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdı. Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.
Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. strateji əhəmiyyətli qalalar tikildi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturanın və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir.
1832-ci ildə Şuşa qəzasında fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: ipək parça istehsal edən 42 müəssisə; pambıq parça toxuyan 28 karxana; 20 gön-dəri zavodu; 1 kərpic və 1 sabun zavodu; 3 boyaqxana sexi. XIX əsrin 60-cı illərində Şuşada ümumi istehsal gücü ildə 78 milyon rubla bərabər olan ipəksarıma fabrikləri fəaliyyət göstərirdi. Çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatdı. Şəhərin qərb hissəsindəki dağlıq ərazidə salınmış məhəllələr şəhərin simasını tam formalaşdırıb. 17 məhəllə var idi ki, onların hər birinin ayrıca məscidi, bulağı və hamamı vardı.
1900-1915-ci illərdə Şuşa iri iqtisadi mərkəzə çevrildi. Qafqazda ən böyük xalçaçılıq mərkəzi burada yerləşirdi. Şuşanın yalnız bir nəqliyyat yolu olub: şəhərin mərkəzindən keçən Ağdam-Əsgəran-Xocalı-Xanbağı (Xankəndi)-Ağa körpüsü-Şuşa yolu. Şuşada üzlük daş yatağı, Keçəldağ gil yatağı, şirin su yataqları, Şirlan və Turşsu mineral suları var. Dörd yüz əlli hektar ərazini əhatə edən Daşaltı Dövlət Təbiət Yasaqlığı Şuşa və Əsgəran ərazisindəki unikal təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə yaradılıb.
Şuşada “Bazarbaşı” deyilən yerdən “Şeytanbazara” qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarətdir. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar, həm də şəhərə xüsusi yaraşıq verirdi. Şəhərin “Meydan” deyilən əsas hissəsi Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə, çox mühüm strateji əhəmiyyətli qala olmasını şəhəri daha da gözəlləşdirirdi. Şuşa qəzası 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil edilmişdi.
Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana ı8rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmişdir. O, Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. O, hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl 1967-ci ildə Şuşada olmuşdu. Şuşada olarkən 1905-1907, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi. Lakin 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. Qarabağın tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək, onun inkişafına çalışırdı. Yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikilmişdi. Azərbaycanın mədəniyyət, incəsənət və elm xadimlərinin məzarı qaydaya salındı. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. Ümummilli lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.
Havasının təmizliyinə, saflığına və müalicəvi xüsusiyyətlərinə görə kurort şəhərciyi olan Şuşa gözəlliyi ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda məşhur olub. Şuşa dağlarında elə bir çiçək bitir ki, o çiçəyə daha heç bir yerdə təsadüf olunmur. Təbiətin məhz Şuşa torpağında yaratdığı bu möcüzə Xarıbülbül adlanır və formasına görə çiçəyin şirəsini çəkən arını görüb bağrı yarılan bülbülü xatırladır. Turşsu, Səkili, İsa, Şamil bulaqları,
Şuşaya gələn turistlərin digər sevimli məkanı bənzərsiz və unikal təbiəti olan Cıdır düzü idi. Cıdır düzünün qərb hissəsində yan-yana düzülmüş və sanki torpağa sancılmış üç mıxı xatırladan 3 təpədən ibarət Üçmıx dağı yerləşir. Sanatoriya və istirahət evlərində dincələn turistlər həmişə bu yerlərə seyrə çıxar və təbiətin Şuşaya bəxş etdiyi bu gözəlliyə valeh olardılar
Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşmışdı. Eyni zamanda, ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu çəkildi və ümummilli liderin iştirakı ilə istifadəyə verildi. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikililəri bərpa etmək lazımdır”. Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.
Hələ XIX əsrdə Şuşada 22 musiqişünas, 38 xanəndə olmuşdur. Əvvəllər də Şuşada, Cıdır düzündə, İsa bulağında bir çox yerli, məşhur xanəndə və sazəndələrin, o cümlədən şəhərin qonağı olan incəsənət xadimlərinin iştirakı ilə mədəni məclislər təşkil olunur, onlar öz çıxışları ilə tamaşaçıları feyziyab edərdilər. 1901-ci ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk dəfə "Şərq konserti" keçirilmişdir.
Şuşada təşkil olunan mahnı bayramları XX əsrin sonlarında dəb halını almışdı. 1983-1991-ci illərdə mütəmadi olaraq belə bayramlar təşkil edilmişdir. Cıdır düzündə 1989-cu ildə keçirilən "Xarı bülbül" Ümumittifaq muğam festivalı bu gün də yaddaşlarda yaşayır.
Şuşa Üzeyir bəyin, Zülfüqar Hacıbəyovun, Ağalar Əliverdibəyovun, Məşədi Cəmil Əmirovun, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Zakir Bağırovun, Süleyman Ələsgərovun, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun vətənidir.
Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırdılar. Böyük Azərbaycan şairi Səməd Vurğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri şuşalıdır. Azərbaycanın qədim və özünəməxsus muğam sənəti Şuşada xüsusi nəfəs kəsb edib. Təsadüfən demirlər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar. Şuşalıların çoxu bəy və xan nəslindən idi. Buna görə də çox təmkinli olublar.
XX əsrin 80-ci illərinin sonlarında SSRİ hökuməti, xüsusilə, onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. Belə ki, 1989-cü il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatdılar. Ayın 17-də Əskəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşını karvanının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın axırı və noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi və şəhər blokada vəziyyətinə düşdü.
Nəticədə ermənipərəst siyasəti 1990-cı ilin əvvəllərindən etibarən vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laşın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsildi, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olundu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdı. Eyni zamanda, Şuşa şəhəri hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.
Xocalı keçmiş sovetlərə məxsus 366-cı alayın fəal köməyi ilə ermənilər tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti hücum Şuşaya olacaq. Martın sonu-aprelin əvvələrindən başlayaraq Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, ermənilər aprelin 29-da Şuşa ətrafında Hacı talası və Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər.
Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi 1992-cü il May ayının 7-dən 8-nə keçən gecə... Ermənistan tərəfindən işğal edilib. Şuşa dörd tərəfdən “Qrad”, “Kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulduqdan sonra düşmən Xankəndi, Şuşakənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdi. Şəhər mayın 8-də axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.
Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Ermənilərin öz məlumatlarına görə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Nəticədə, 289 kvadratkilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin yerli filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət rəsm qalereyası, uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılmış, məbədgah və məscidlər təhqirlərə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv edilmişdir.
Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.Haqverdiyevin, Q.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, “Realnı” məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.
Şuşada söyüş və nalayiq ifadələr eşitmək olmazdı. Şuşa bəlkə də dünyada yeganə yer idi ki, burada hətta ən nadinc uşaqlar futbol oynayanda söyüş söymürdülər. Şuşa çox firavan və təhlükəsiz şəhər idi. Düşmən hətta Azərbaycan musiqisinin və ədəbiyyatının korifeyləri olan Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın xatirəsinə hörmət qoymadı, onların güllə ilə deşik-deşik edilmiş abidələri sonralar Bakıya gətirildi və hazırda “Güllələnmiş heykəllər” adı ilə Milli İncəsənət Muzeyinin bağında saxlanılır.
Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərən cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirir. Dövlət başçısı bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Cənab İlham Əliyev bəyan etmişdir ki, “Dağlıq Qarabağın azərbaycanlı əhalisi öz torpaqlarıa, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
Artıq 26 ildir ki, Şuşasız yaşayırıq. 27 ildir ki, Qarabağın və bütün Azərbaycanın qüdrət rəmzi olan Şuşa düşmən tapdağı altındadır. Şuşa Azərbaycanın ən qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir.
Biz Şuşasız Azərbaycanı təsəvvür edə bilmirik. Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa gün gələcək, erməni işğalından azad ediləcək. Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə yenidən alovlandıracaq. Şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq. Uşaq səslərinin cingiltisi və Qarabağ şikəstəsinin sədaları ətrafa yayılacaq. İnanırıq ki, çox yaxın zamanlarda cənab Prezidentimizin apardığı siyasət nəticəsində Şuşa azad ediləcək.
Müəllifdən:
Gozəl xatırlayıram, bənzəri olmayan Şuşa doğurdanda abidələr şəhəridir. Füsunkar təbiəti Şuşanı Qarabağın incisinə çevirmişdi. Şuşada xatırlanası o qədər yerlər var ki, saymaqla qurtaran deyil. Cıdır düzündə, Turşsu və İsa bulağında, keçən uşaqlıq illərim mənim xatirələrim də qalıb. Mən əslən Ağdam rayonundan olsamda, hər il istirahətə Şuşaya gedirdik. Ecazkar təbiyəti, suyu, gözəl havası, məni valeh edirdi. Dünyanın heç bir yerində belə gözəl şəhər ola bilməz. Bu şəhəri gəzdikcə doymazdım. Şəhərin hər bir tərəfində bulaq axırdı. Mən özümdən böyüklərdən şəhərin hər təfinə qoyulan bu bulaqlardan hansı bulağın suyunun gəldiyini soruşdum. Dayım da sualıma cavab olaraq dedi: “Turş su”. O, suyu bir Şuşada içdim. Bir gün gələcək Şuşa, Ağdam və digər işgal olunmuş rayonlarımız erməni işgalçalarından azad olunacaq. Üç rəngli bayrağımız tezliklə işğal olunan rayonlarımızda dalğalanacaq. Mən muxbir olaraq gözəl raonlarımızdan canlı-canlı musahibə alaraq yazacam. İnşallah o gün gələcək və o gun uzaqda deyil. Qələbə arzusu ilə...

Yeganə Telmanqızı
“Vetenperverler.Az”
























скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-05-2019, 00:54
Oxunub:47


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti