yüklənir...
yüklənir...

Həkim insanlara günəş qədər lazımdır

Görkəmli oftalmoloq alim, oftalmologiyanın mirvarisi Zərifə Əliyevanın anadan olmasından 96 il keçir.
Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva. həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi. Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 95 il keçir.
Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Azərbaycanın səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev ömrü boyu onu əhatə edənlərin dərin hörmətini qazanmışdı . Əziz Əliyevin həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə başqalarından tamamilə fərqlənirdi. Zərifə Əliyeva bütün yüksək keyfiyyətlərini - yaxşılıq etməyi, səxavəti, alicənablığı böyüdüyü ailədən görüb götürmüşdür. O ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və vətənə məhəbbət, bəşəri dəyərlərə bağlılıq kimi xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. Öz gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə gətirir və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. Zərifə xanım Əliyeva Moskva şəhərindən vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Zərifə Əliyevanın 1959-cu ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır.
Böyük alim Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, daha sonra isə kafedra müdiri vəzifələrində işləyir. Oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır.
Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd edək ki, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi. Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuşdur. Bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Xüsusi qeyd olunmalıdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. Moskva oftalmoloji məktəbi Zərifə xanımı “oftalmologiyanın mirvarisi” adlandırırdı. Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olub. Alim onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuşdu. Akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.
Zərifə xanım işdən evə gələndə özü mətbəxə keçər, yeməklər bişirər, ailənin süfrəsini şəxsən hazırlayardı. O çox mədəni, ziyalı, qayğıkeş və sadə insan idi. Zərifə Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi ¬şəxsiyyətin- ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Eyni zamanda, onların arasında böyük, saf məhəbbət yaşanıb. Bu barədə Ulu öndərimiz Özünün xatirələrində də danışırdı: ” Heç bir çətinlik Zərifə Əliyeva ilə olan məhəbbətinə mane ola bilməyib”. Bu gün Zərifə xanımın ruhu şaddır. Çünki ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan Respublikasının inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına səbəbkar olan insan məhz onun əsl vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı və cəmiyyətimizə bəxş etdiyi övladı, dünya şöhrətli Prezidentimiz İlham Əliyevdir.
Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin "sözlə" müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: "Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü”.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı.
15 aprel1985-ci il... Moskva şəhərində vəfat edir. Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır.Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir. Azərbaycan tibb elmində parlaq iz qoymuşdur. Akademik Zərifə Əliyevanın ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat dərsidir
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Gözəl ömür gün yoldaşı, gözəl ana, böyük həkim, gözəl insan.
İnsanlara NUR VERƏN MƏLƏK! Zərifə xanım nur içində yatasan.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:28-04-2019, 11:07
Oxunub:158


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti